...

MSK-da seminar-müşavirə keçirilib

Siyasət Materials 14 Avqust 2006 11:08 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyasında oktyabrın 6-na təyin edilmiş Azərbaycan Respublikasında bəzi bələdiyyələrə təkrar, əlavə, yeni və ilk dəfə seçkilərlə bağlı seminar-müşavirə keçirilib. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.

Seminar-müşavirədə MSK üzvləri, MSK Katibliyinin məsul işçiləri, bələdiyyə seçkiləri keçiriləcək seçki dairələri, dairə seçiki komissiyalarının üzvləri iştirak ediblər. MSK sədri Məzahir Pənahov bildirib ki, Azərbaycan Respublikasının Seçki Məcəlləsi seçkilərin hazırlanıb keçirilməsində əsas hüquqi baza rolunu oynayır və bununla yanaşı prezident İlham Əliyevin 11 may və 25 oktyabr 2005-ci il tarixdə imzaladığı məlum sərəncamlar da bu sahədə ciddi standartlar formalaşdırıb: "Həmin sərəncamlar seçkilərin hazırlanıb keçirilməsi dövrü üçün zəruri olan bütün hərəkət və tədbirləri özündə ehtiva edir və biz istər bu, istərsə də bundan sonrakı seçkilərdə həmin sərəncamlar əsasında formalaşmış standartlardan geri çəkilmək firkrində deyilik".

M.Pənahov seçkilərin çox məsul bir mərhələsinin arxada qaldığını qeyd edib və bildirib ki, bu mərhələdə namizədlərin qeydə alınmasından imtina ilə bağlı Mərkəzi Seçki Komissiyasına cəmi bir neçə müraciət daxil olub. MSK müvafiq seçki komissiyasının qərarını qüvvədən düşmüş hesab edərək, müraciət edən şəxslərin namizədliyinin qeydə alınması haqqında qərar çıxarıb.

MSK sədri yaxın günlərdə aşağı seçki komissiyalarının maarifləndirilməsi proqramı çərçivəsində seçki keçiriləcək rayonlarda treninqlərə başlanacağını bildirib. O, dairə seçki komissiyaları rəhbərlərinin nəzərinə çatdırıb ki, hər bir aşağı seçki komissiyası üzvünün treninqlərdə iştirakı vacibdir. Çünki treninqlər dairə və məntəqə seçki komissiyaları üzvlərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə, seçki vərdişlərinin təkmilləşdirilməsinə və onların hüquqi biliklərinin artırılmasına xidmət edir.

Sonra MSK üzvü Qabil Orucov "Bələdiyyə seçkilərində seçkiqabağı təşviqatın aparılma qaydaları" mövzusunda məruzə edib. Sonra bəzi dairə seçki komissiyaları sədrlərinin rəbərlik etdikləri DSK-ların gördükləri işlər barədə hesabatları dinlənilib. Tədbirin sonunda Mərkəzi Seçki Komissiyasının sədri və məruzəçilər sualları cavablandırıblar.

Xəbər lenti

Xəbər lenti