...

Bələdiyyə seçkiləri ilə bağlı treninqlərə start verildi

Siyasət Materials 21 Avqust 2006 14:02 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyası avqust ayının 22-dən etibarən Azərbaycan Respublikasında bəzi bələdiyyələrə təkrar, əlavə, yeni və ilk dəfə keçirilən seçkilərlə bağlı treninqlərə başlayır. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.

Treninqlər Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsi və onların peşəkarlıq səviyəsinin yüksəldilməsi məqsədilə keçirilir və sentyabr ayının 9-na qədər davam edəcək. Treninqlərdə seçki keçiriləcək 82 dairə üzrə 4684 aşağı seçki komissiyası üzvlərinin iştirakı nəzərdə tutulub.

Gün ərzində orta hesabla 2-3 treninq sessiyası keçiriləcək. Təlimlər əsasən rayon mərkəzlərində keçiriləcək və bu tədbirlərdə aşağı seçki komissiyaları üzvlərinin tam tərkibdə iştirakı nəzərdə tutulur. Treninq proqramı seçici siyahıları ilə iş, məntəqə seçki komissiyası üzvlərinin hüquq və vəzifələri, seçki sənədlərinin mühafizəsi, seçki prosesində aşkarlığın təmin olunması, müşahidəçilərin hüquq və vəzifələri, KİI nümayəndələrinin maneəsiz fəaliyyəti üçün imkan yaradılması, səsvermə prosesi və prosedurlarının müfəssəl izahı kimi məsələləri əhatə edir.

Xəbər lenti

Xəbər lenti