...

Türkiyənin İqdır bələdiyyəsinin başqanı Qarsda ermənilərin iştirakı ilə keçirilən festivalı boykot edib

Siyasət Materials 15 Sentyabr 2006 15:38 (UTC +04:00)

Türkiyənin İqdır bələdiyyəsinin başqanı Hurəddin Aras ölkənin Qars vilayətində keçirilən "Beynəlxalq Qafqaz mədəniyyət festivalı" və "Sərhədlərxarici regional işbirliyi və Qafqazda yerli idarəetmə konfransı"na dair etiraz bəyanatı verib. İqdır Bələdiyyəsindən Trend ə verilən məlumata görə bələdiyyə başqanı, İrəvan Türklərini Müdafiə Dərnəyinin rəhbəri Hurəddin Aras ermənilərin də qatıldığı festivalın təşkilinə etirazını bildirib və bu tədbirləri boykot edib.

"Qarsda keçirilən üçüncü beynəlxalq Qafqaz Mədəniyyətləri Festivalı və Beynəlxalq Kentsel İnkişaf Birliyi ilə birlikdə gerçəkləşən sərhədlərötəsi bölgəsəl işbirliyi və Qafqazda Yerli idarəetmələr konfransına Ermənistan heyətinin qəbul edilməsini dərin üzüntü ilə qarşılayıram. Türkiyə dövlətinin xarici siyasəti bəlli olduğu halda, Ermənistanla sərhədlərin açılması üçün imza kampanyaları keçirilməsini, Qarsa erməni heyətlərinin dəvət edilməsini qınayıram"-deyə H.Aras bəyanatında vurğulayıb.

İqdır bələdiyyəsi başqanı Türkiyəyə dost və qardaş olan Azərbaycanın torpaqlarının 20 faizinin Ermənstan tərəfindən işğal edilməsi, bir milyon insanın evlərindən qaçqın düşməsini, yenə də Ermənistan diasporunun qondarma "erməni soyqırımı" iddialarını və digər qondarma tələblərini dünya ictimaiyyətinə bəyan etdiyini xatırladıb. O, ermənilərin əsas niyyətinin "Böyük Ermənistan" xülyasını gerçəkləşdirmək olduğunu, qondarma iddialarını dünyada terror yoluyla tanıtmağa çalışdıqlarını, bununla Türkiyədən "təzminat" və gərəkli olan "torpağı" almağa çalışdıqlarını vurğulayıb: "Ermənilərin bu niyyətləri davam etdiyi halda Qars Bələdiyyəsi "sülh və qardaşlıq" adı altında erməniləri dəvət etməklə böyük bir məsuliyyətsizliyə yol verir"-deyə H.Aras qeyd edib.

Ermənilərlə müttəfiqlik edənlərin bu qədər canfəşanlığının səbəbsiz olmadığını bildirən İqdır bələdiyyə başqanı Ermənistan əhalisinin sayının xeyli dərəcədə azalmasını, iqtisadiyyatının ağır duruma düşməsini, əhalinin yoxsul vəziyyətdə yaşadığını xatırladıb. Hurəddin Aras Türkiyənin Ermənistanla sərhədlərinin açılacağı təqdirdə ölkəsinin hansı problemlərlə, faciələrlə üzləşəcəyi barədə də danışıb. H.Aras son yüzildə 2,5 milyon türkün ermənilər tərəfindən qətlə yetirilməsinə dair tarixi faktların ingilis, amerikan, rus araşdırmaçıları tərəfindən üzə çıxarıldığını xatırladıb.

O, həmçinin Türkiyədəki erməni lobbisini Ermənistanın işğalçılıqdan və qondarma iddialardan əl çəkməyə təhrik etməməsinə görə qınayıb: "Türkiyə ilə Azərbaycanın arasını vurmaq üçün bəziləri bu işləri məqsədli şəkildə edirlər"-deyə H.Aras ermənilərə "qardaşlıq və sülh" çağırışı ilə keçirilən festivalı boykot etdiyini bəyan edib, həmçinin erməni terror təşkilatı olan "ASALA" tərəfindən qətlə yetirilmiş 35 türk diplomatının xatirəsini anıb.

Xəbər lenti

Xəbər lenti