...

German Qref: Azərbaycanda Rusiya kapitalının cəlb olunmasına böyük əhəmiyyət verilir

Siyasət Materials 5 Oktyabr 2006 14:00 (UTC +04:00)
German Qref: Azərbaycanda Rusiya kapitalının cəlb olunmasına böyük əhəmiyyət verilir

Trend in Rusiyanın iqtisadi inkişaf və ticarət naziri ilə Azərbaycana səfəri ərəfəsində eksklüziv müsahibəsi

- German Oskaroviç, Azərbaycana səfər edəcəksiniz. Səfərin dəqiq tarixi məlumdurmu və Bakıda hansı əsas məsələləri müzakirə etməyi planlaşdırırsınız?

- Bakıya səfərim oktyabrın 5-nə planlaşdırılır. Azərbaycanlı həmkarım, iqtisadi inkişaf naziri Heydər Babayevlə görüşlər keçirmək, Rusiya və Azərbaycan arasında gələcək qarşılıqlı faydalı əməkdaşlıq məsələlərini müzakirə etmək nəzərdə tutulur.

- Fikrinizcə, Azərbaycan və Rusiya arasında gələcək iqtisadi əməkdaşlığın hansı inkişaf perspektivləri var? Qanunverici-hüquqi bazanın genişləndirilməsinə ehtiyac varmı?

- Rusiya və Azərbaycan arasında təsərrüfat əlaqələri qədim ənənələrə malikdir. Strateji tərəfdaşlıq ruhu Rusiya-Azərbaycan münasibətlərinin bütün spektrinə xasdır. Vurğulamaq istərdim ki, qarşılıqlı siyasi anlaşmanın yüksək səviyyədə olması ikitərəfli ticari-iqtisadi, elmi-texniki və humanitar əməkdaşlığın artan inkişaf imkanlarını təmin edir. Rusiyanın Azərbaycanla xarici ticarəti müxtəlif ikitərəfli sazişlərlə müəyyən edilmiş rejimlə nizama salınır və bu istiqamətdə işlər uğurla davam etdirilir. Rusiya və Azərbaycan arasında ticari-iqtisadi, münasibətlərin intensivləşdirilməsi və təsərrüfat subyektləri arasında əlaqələrin genişləndirilməsinin yeni impulsuna gəlincə, bunlar 25 yanvar 2002-ci il tarixli 2010-cu ilədək uzunmüddətli iqtisadi əməkdaşlıq haqqında müqavilə və 2010-cu ilədək uzunmüddətli iqtisadi əməkdaşlığa dair proqram sayəsində həyata keçirilib. Regionlararası səviyyədə qanunverici-hüquqi bazanın genişləndirilməsinə gəlincə, demək istərdim ki, bazanın inkişafı istiqamətində müntəzəm olaraq iş aparılır. Azərbaycan və Rusiya subyektləri arasında ticari-iqtisadi və mədəni əməkdaşlıq haqqında 30-dan çox sənəd imzalanıb, nümayəndə heyətlərinin çoxsaylı səfərləri həyata keçirilib.

- Siz Azərbaycan və Rusiya arasında mal dövriyyəsinin dinamikasını necə qiymətləndirisiniz? Fikrinizcə, hansı tədbirlər mal dövriyyəsinin artmasına kömək edə bilər?

- 2005-ci ildə Rusiya və Azərbaycan arasında mal dövriyyəsinin həcmi 2004-cü illə müqayisədə 40%-dən çox artaraq $1 mlrd-ı keçib. Əvvəllər olduğu kimi, 2006-cı ilin I yarısında da ölkələrimiz arasında qarşılıqlı ticarətin ümumi həcmində xammal-ərzaq məhsulları üstünlük təşkil edib. Bununla əlaqədar olaraq, mal dövriyyəsinin strukturunun yaxşılaşdırılması, xüsusilə onda yüksək əlavə dəyərə malik investisiya mallarının payının artırılması aktual məsələ olaraq qalır.
Bu gün Rusiyadan Azərbaycana ixrac olunan malların əsasını təbii qaz, elektrik enerjisi, maşınqayırma məhsulları, qara metalyayma, taxta-şalban, sement, kimya sənayesi məhsulları, ərzaq malları təşkil edir. Rusiya isə Azərbaycandan ərzaq malları, toxuculuq, kimya sənayesi məhsulları, maşınqayırma və neft-mədən avadanlıqları, nasos idxal edir.
2006-cı ilin I yarısında Rusiyadan Azərbaycana əsasən mineral məhsullar ixrac olunub. Azərbaycandan ərzaq mallarının idxalı demək olar ki, 40% artıb və həmin dövrdə $53 mln-u keçib.

-Fikrinizcə, Azərbaycan iqtisadiyyatının hansı sahələri Rusiya sərmayədarları üçün daha cəlbedici ola bilər?

- Qeyd etmək istərdim ki, Rusiyanın təsərrüfat subyektlərinin Azərbaycan bazarında istehsal fəaliyyətinə marağı nəzərəçarpacaq dərəcədə artıb. Ölkənizdə Rusiya kapitalının iştirak etdiyi 395 müəssisə və təşkilat qeydiyyata alınıb. Bunların 176-sı müştərək, 95-i 100%-lik Rusiya kapitalına malik müəssisələr, 124-ü isə nümayəndəlik və filiallardır.
Azərbaycan hökuməti birbaşa xarici sərmayələri təşviq edir və iqtisadiyyatın liberallaşdırılması, xarici sərmayədarlar üçün əlverişli şərait yaradan qanun və normativ aktların qəbul edilməsi üçün daim səy göstərir. Azərbaycanda Rusiya kapitalının ölkə iqtisadiyyatına cəlb edilməsinə olduğu kimi, həm də istehsalatda Rusiyanın yeni texnologiyalarından istifadəyə böyük əhəmiyyətin verildiyi göz qabağındadır.
Azərbaycan Rusiyaya əməkdaşlığı genişləndirməyi və "Şimal-Cənub" nəqliyyat dəhlizinin yaradılması üzrə layihələrin maliyyələşdirilməsində, beynəlxalq əhəmiyyətli yolların, elektrik stansiyalarının tikintisində iştirak etməyi təklif edir. Bundan başqa, kənd təsərrüfatı layihələrinin maliyyələşdirilməsi üçün bank sahəsində əməkdaşlığın genişləndirilməsi, kiçik qabaritli yük maşınlarının və məişət əşyalarının istehsalı, Rusiya şirkətləri ilə turizm sahəsində əlaqələrin genişləndirilməsi təklif olunur. Və bir çox başqa maraqlı layihələr.

- Ölkələrimiz arasında regionlararası əməkdaşlığı necə qiymətləndirisiniz?

- Rusiya regionlarının böyük hissəsi Azərbaycanla qarşılıqlı əlaqə saxlayır. Bunlar, əsasən Cənubi, Mərkəzi və Volqaətrafı federal dairələrinin subyektləridir. Ölkənizlə Dağıstan, Kalmıkiya və Tatarıstan, Stavropol və Krasnodar vilayətləri, Moskva və Sankt-Peterburq şəhərləri, Moskva, Həştərxan, Volqoqrad, Samara və digər vilayətlər daha fəal qarşılıqlı əlaqə saxlayır. Son illər ərzində iqtisadi əlaqələrin inkişafına ən mühüm nümunə kimi mən Nijni Novqorodun "Krasnoe Sormovo" gəmiqayırma müəssisəsi tərəfindən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin quru yük gəmisi və 5 tankerinin inşası ilə bağlı iri sifarişinin yerinə yetirilməsini qeyd edə bilərəm. Həştərxan vilayətinin nümayəndə heyətinin Azərbaycana səfəri zamanı isə Olya və Bakı limanları arasında "Ro-Ro" tipli gəmilərlə bərə nəqliyyatının təşkili, yüklərin sürətli rəsmiləşdirilməsi üzrə texnologiyaların tətbiqi, Olya limanı ilə yük daşımalarının artırılması, azərbaycanlı sərmayədarların onun inkişafında iştirakı ilə bağlı məsələlər müzakirə olunub. Bakıda Stavropol vilayətinin nümayəndə heyəti ilə qarşılıqlı faydalı ticarət əlaqələrinin genişləndirilməsi və inkişafı, xüsusilə kənd təsərrüfatı məhsullarının, ərzaq və sənaye mallarının tədarükü, turizmin inkişafı ilə bağlı təkliflər nəzərdən keçirilib. Azərbaycan və Kirov vilayətini sabit ticarət əlaqələri birləşdirir. Vilayət respublikaya neft-kimya və meşə-sənaye məhsulları tədarük edir.
Kabardin-Balkar respublikası və Azərbaycanın dostluq əlaqələrinin möhkəmləndirilməsi məqsədilə tərəflər respublikaların iqtisadi və mədəni həyatlarının müxtəlif istiqamətlərində əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparıb. Şimali Qafqazda və xüsusilə, Kabardin-Balkar ərazisində sərmayələrin qoyuluşunda maraq ifadə olunub. Hazırda ticari-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında sazişin layihəsi Rusiya tərəfindən razılaşdırılır.

Xəbər lenti

Xəbər lenti