Azərbaycan və Ermənistan XİN başçılarının Moskvadakı danışıqları konstruktiv olub. Trend in xəbər verdiyi kimi, bu barədə bu gün jurnalistlərə Azərbaycan prezidentinin Dağlıq Qarabağ üzrə xüsusi nümayəndəsi Araz Əzimov bildirib.
O qeyd edib ki, danışıqlar zamanı müəyyən məsələlərdə erməni tərəfinin yaratdığı çətinliyi nəzərə alaraq, Azərbaycan yalnız əsaslandırılmış arqumentləri yenidən müzakirə etməyə hazırdır. Və Azərbaycan tərəfi hansısa siyasi məsləkdən doğan mövqeni tanımır.
A. Əzimov əlavə edib ki, hazırda Azərbaycan və Ermənistan XİN başçılarının oktyabrın 24-də Fransada baş tutacaq görüşünə hazırlıq işləri gedir. Bu tarixədək nazirlər vəziyyətin incəliklərini müzakirə edəcəklər. Həmsədrlər isə, öz növbəsində, müəyyən razılığa nail olmaq üçün səy göstərəcəklər, - deyə prezidentin xüsusi nümayəndəsi vurğulayıb.
Azərbaycanlı diplomat hesab edir ki, Ermənistanda normal insanlar başa düşürlər ki, problemin həlli eyni zamanda ölkədə demokratik prinsiplərin bərqərar olmasına xidmət edəcək. Xüsusilə, 2008-ci il parlament seçkiləri öncəsi. "Dağlıq Qarabağ probleminin həlli, Azərbaycanla əlaqələrin bərpa olunması üçün Ermənistanda iradə formalaşmalıdır. Əks təqdirdə, Ermənistanda münaqişənin sülh yolu ilə həllini istəyən insanlar cəmiyyətin düşmənləri olacaqlar", - deyə A. Əzimov vurğulayıb.