Bakıda yeni tikililərin sayının artması ilə əlaqədar yanğınsındürmə bölmələri artırılacaq. Trend in xəbərinə görə, bu barədə jurnalistlərə Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov məlumat verib.
Nazirin sözlərinə görə, yanğınsöndürmə məntəqələrinin sayının artırılması paytaxtla yanaşı regionlarda da müşahidə olunacaq. "Bəzi dağ rayonları var ki, orada məntəqələrimiz ümumiyyətlə mövcud deyil. Növbəti ildən başlayaraq ucqar kəndləri əhatə edə biləcək mərkəzlərdə belə məntəqələr və həmin məntəqələrin yanında isə xilasetmə məntəqələri yaradılacaq" - deyə K.Heydərov bildirib.
K.Heydərov onu da qeyd edib ki, Quba, Şamaxı, Gəncə, Lənkəran və digər istiqamətlərdəki şoselərin kənarında FHN-nin xüsusi rabitə qurğuları quraşdırılacaq. "Məqsədimiz ondan ibarətdir ki, hər hansı yol qəzası və yaxud digər hadisə baş verərsə, hadisə yerində olan şəxslər həmin rabitə vasitələri ilə 112 xidmətinə zəng vuraraq məlumat versinlər. Bu cür rabitə qurğuları şose boyunca 15 kilometrdən bir quraşdırılacaq. Hər 25 kilometrdən bir nöqtələrdə isə xilasetmə məntəqələrimiz fəaliyyət göstərəcək ki, həmin məlumatlar əsasında qəzanı aradan qaldırmaq üçün əməkdaşlarımız dərhal özlərini çatdırsınlar" - deyə nazir vurğulayıb.