Avropa Şurası Venesiya Komissiyasının 68-ci plenar sessiyasında "Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbaycan qanununa dair rəy qəbul edilib. Bu barədə Trend ə eksklüziv olaraq Venesiya Komissiyasının xarici əlaqələr şöbəsinin başçısı Tatyana Mışelova (Tatiana Muchelova) məlumat verib.
O bildirib ki, praktiki icrası ölkədəki son seçkilər zamanı özünü doğrultmayan, 1998-ci ildə qəbul olunmuş "Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbaycan Respublikası qanunu ilə bağlı fikrini bildirmək üçün Azərbaycan hökuməti Avropa Şurası Venesiya Komissiyasına müraciət edib.
2006-cı ilin oktyabrın 14-də Venesiya komissiyası Azərbaycan Prezidenti Administrasiyasına göndəriləcək rəy qəbul edib. Rəyin bütöv mətni gələn həftə açıqlanacaq.
Rəydə "Sərbəst toplaşmaq azadlığı haqqında" AR qanununun əsas prinsipləri, eləcə də aksiyanın keçirilməsi barədə xəbərdarlıq mexanizmi alqışlanır.
T. Mışelovun sözlərinə görə, Venesiya komissiyası habelə hakimiyyət orqanlarının çox böyük səlahiyyətlərə malik olması və Bakının mərkəzi də daxil olmaqla, aksiyaların keçirilməsininə mexaniki qadağa halları kimi bəzi çatışmazlıqlara da toxunub.
Venesiya komissiyası qanunvericiliyin bu hissəsini yaxşılaşdırmaq üçün Azərbaycana öz yardımını davam etdirməyə və Bakıda Azərbaycan hökuməti ilə birgə gələcək məsləhətləşmələrdə iştirak etməyə hazır olduğunu bildirib.