...

Bahar Muradova: "Media nümayəndələri də qanun aliliyini fəaliyyətlərində rəhbər tutmalıdır"

Siyasət Materials 20 Oktyabr 2006 15:39 (UTC +04:00)
Bahar Muradova: "Media nümayəndələri də qanun aliliyini fəaliyyətlərində rəhbər tutmalıdır"

"Media nümayəndələri də qanun aliliyini fəaliyyətlərində rəhbər tutmalıdır". Trend xəbər verir ki, bu barədə Milli Məclis sədrinin müavini Bahar Muradova parlamentin oktyabrın 20-də keçirilən növbəti iclasında bəzi millət vəkillərinin Azərbaycanda mətbuata təzyiqlər edildiyi ilə bağlı fikirlərinə cavab olaraq bildirib.

Vitse-spiker onu da bildirib ki, bu məsələ hər zaman olduğu kimi növbəti dəfə də şişirdilir: "Hər bir demokratik cəmiyyətdə qanun aliliyi prinsipi hər zaman aparıcı prioritet olmalıdır. Bizim hər birimiz qanunun aliliyinə hörmətlə yanaşmalıyıq. Mən bu çağırışları qəbul edirəm ki, hər bir ölkədə olduğu kimi Azərbaycanda da söz və mətbuat azad olmalıdır. Amma eyni zamanda mən bu çağırışın da səslənməsini istəyirəm ki, əlində qələm tutan və çox geniş təsir vasitələrinə malik olan media nümayəndələri də fəaliyyətlərində qanun aliliyini rəhbər tutsunlar".

B.Muradova jurnalistin toxunulmaz bir təbəqəyə aid olunması qaydasını Azərbaycanda qəbul etdirməyin əleyhinə olduğunu bildirib. Onun sözlərinə görə, bu düzgün deyil: "Bu gün cəmiyyətin ən hörmətli insanları çox zaman haqsız iradlara, haqsız təhqirlərə məruz qalır. Amma nədənsə bu zalda belə insanların hüquqlarının müdafiəsi ilə bağlı məsələ qaldırılmır. Məgər onlar bizdən deyillərmi?". Vitse-spiker millət vəkilləri tərəfindən ANS şirkətlər qrupu və "Azadlıq" qəzetinin bu məsələ də adlarının hallandırılması məsələsinə də toxunub. Bildirib ki, hər iki orqanın vaxtilə özünəməxsus fəaliyyəti dəyərləndirilir: "O ki, qaldı "Azadlıq" qəzetinin ofisindən çıxarılmasına, mən bütün qəzetlərin ofislərlə təmin olunmasını istəyirəm. Amma gəlin həmin ofislərin hüquqi cəhətdən onlara məxsus olduğunu təsdiqləyən sənədlər təqdim edək".

B.Muradova bildirib ki, 14 il bir binada fəaliyyət göstərən "Azadlıq" qəzeti həmin binanı qanun çərçivəsində özününküləşdirə bilərdi. Əgər bunlar edilməyibsə, məsələni iqtidarın üzərinə atıb bu qədər şişirtməyə ehtiyac yoxdur.

Xəbər lenti

Xəbər lenti