Avropa ictimaiyyəti Azərbaycan rəhbərliyi tərəfindən ölkəmizdə idmanın inkişafına göstərilən qayğı və diqqəti çox yüksək qiymətləndirir. Avropa Şurasına üzv ölkələrin nümayəndələri həmçinin Azərbaycanda qaçqın və məcburi köçkünlər arasında idmanın inkişafında maraqlıdır və mövcud layihə və proqramları aktivləşdirmək niyyətindədirlər. Bunu Trend in Moskvadakı xüsusi müxbirinə eksklüziv olaraq Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bildirib. Nazir Avropa Şurasına üzv ölkələrin idman nazirlərinin Rusiya paytaxtında keçirilən forumunda iştirak edir.
O, forumun yüksək səviyyədə təşkil olunduğunu bildirib və qeyd edib ki, forumda qoyulan idman sahəsində gələcək intensiv əməkdaşlığa dair məsələlər bütün Avropa ölkələri üçün mühümdür və Azərbaycan bütün əhəmiyyətli məsələlərin müzakirəsində fəal iştirak edəcək.
Forum çərçivəsində bir sıra ikitərəfli görüşlər, o cümlədən Fransa, Rusiya nümayəndə heyəti başçıları ilə görüşlər keçiriləcək. Biz artıq Belarus və Bolqarıstandan olan həmkarlarmızla ikitərəfli məhsuldar görüşlər keçirdik və Azərbaycanın artıq bu ölkələrlə imzaladığı sazişlərin gerçəkləşdirilməsi ilə bağlı praktiki addımları müzakirə etdik, - deyə nazir əlavə edib.
Azərbaycan və Rusiya arasında qarşılıqlı münasibətləri yüksək qiymətləndirən A. Rəhimov bunun gələcək fəal əməkdaşlıq üçün geniş imkanlar açdığını bildirib. "Təcrübə mübadiləsi büzim üçün çox vacibdir. Mingəçevirdə açılmış kompleks ilin 365 günündə baydarka və kanoelərdə avar çəkmə üzrə məşqlər aparmağa imkan verir. Düşünürəm ki, Rusiya idmançıları bundan mütləq istifadə edəcəklər. Bundan başqa, idman sahəsində qarşılıqlı əməkdaşlıq üçün ölkəmizin bütün idman kompleksləri və resurslarını istifadə etməyə hazırıq", - deyə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bildirib.
Moskva forumunun işində Avropa Şurasının Mədəniyyət Konvensiyasına üzv olan 49 ölkə iştirak edir. Onlar ümumavropa idman əməkdaşlığının yeni siyasi istiqamətləri, idman üzrə sazişin qəbulu imkanlarını nəzərdən keçirirlər. Sənədin imzalanması nəinki Avropa Şurasına üzv dövlətlər üçün, eləcə də digər ölkələr və bu sahədə işləyən qeyri-hökumət təşkilatları üçün açıqdır.