...

Tbilisidə Cənubi Qafqazda regional əməkdaşlıq məsələlərinə dair konfrans öz işinə başlayıb

Siyasət Materials 26 Oktyabr 2006 15:51 (UTC +04:00)

Bu gün Tbilisidə, "Tbilisi Mariott" mehmanxanasında "Avropanın Qonşuluq Siyasəti üzrə regional dialoqa yardım" mövzusunda ikigünlük konfransın açılış mərasimi olub.

Trend in Tbilisidəki xüsusi müxbirinin xəbər verdiyi kimi, tədbir Avrasiya Fondunun yeni - "Mülkü sektorun inteqrasiya prosesinə qoşulması" layihəsinin ilk mərhələsidir. Layihə Böyük Britaniya hökumətinin Beynəlxalq İnkişaf Departamenti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən maliyyələşdirilir.

Avrasiya Fondunun regional proqramlar üzrə direktoru Klod Zulo bildirib ki, konfrans iştirakçıları Avropanın Qonşuluq Siyasəti çərçivəsində Cənubi Qafqaz ölkələrinin regional əməkdaşlığının mümkün istiqamətlərini müzakirə edəcəklər.

"Tədbirin əsas məqsədi Avropanın Qonşuluq Siyasəti çərçivəsində hökumət və qeyri-hökumət sektorları arasında dialoqa başlamaq üçün yollar axtarmaqdır. Həmçinin Cənubi Qafqazın hər üç ölkəsi üçün ümumi və aktual olan üç əsas mövzunu razılaşdırmaqdır. İşlər məhz Avropanın Qonşuluq Siyasəti üzrə fəaliyyət planı çərçivəsində həyata keçirilməlidir. Konfransın məqsədi həm də odur ki, vətəndaşlar Avropanın Qonşuluq Siyasətinin mahiyyəti ilə mümkün qədər yaxşı tanış olsunlar. Avrasiya Fondunun layihəsi çərçivəsində daha üç regional forum keçiriləcək", - deyə Klod Zulo bildirib.

Konfransı Gürcüstanın xarici işlər nazirinin müavini Valeri Çeçelaşvili, Böyük Britaniyanın Gürcüstandakı səfiri Donald Maklaren və ABŞ-ın Gürcüstandakı səfiri Con Tefft açıblar.

Tədbirdə həmçinin Azərbaycan, Gürcüstan və Ermənistan hökumətləri, vətəndaş cəmiyyəti, beynəlxalq təşkilatlar və Gürcüstanda akkreditə olunmuş diplomatik korpusların nümayəndələri iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti