...

Sankt-Peterburqdakı baş konsul: "Arxanqelsk şəhər filarmoniyasında Azərbaycan günləri keçiriləcək"

Siyasət Materials 27 Oktyabr 2006 15:31 (UTC +04:00)
Sankt-Peterburqdakı baş konsul: "Arxanqelsk şəhər filarmoniyasında Azərbaycan günləri keçiriləcək"

Azərbaycan Respublikasının Rusiya Federasiyasında Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlunun tapşırığına əsasən, Azərbaycanın Sankt-Peterburq şəhərindəki baş konsulu Qudsi Osmanov 24-26 oktyabrda Arxanqelsk vilayətində səfərdə olub. Bu barədə Trend ə Q.Osmanov məlumat verib.

Onun sözlərinə görə, səfərdə məqsəd Rusiya Federasiyasında son zamanlarda qeyri-leqal miqrasiyaya qarşı aparılan mübarizədə çoxsaylı soydaşlarımızın hüquq və mənafelərinin qorunması ilə bağlı olub. Səfər çərçivəsində baş konsul Arxanqelsk vilayəti administrasiyasının başçısı vəzifəsini icra edən birinci müavin Vladimir Voykovla, RF prezidentinin Arxanqelsk vilayəti üzrə federal inspektoru Aleksey Yermakovla, parlament sədri Vitaliy Fortıqinlə görüşlər keçirib.

Vladimir Voykovla baş konsulun görüşündə Rusiya-Azərbaycan dostluq əlaqələrindən, respublikamızın iqtisadiyyatının yüksək templə inkişafından, müasir Azərbaycan dövlətinin qurulmasında və çiçəklənməsində eks-prezident Heydər Əliyev rolundan danışılıb. Azərbaycan prezidenti İlham Əliyevin ölkəmizin hüdudlarından kənarında yaşayan soydaşlarımıza olan bilavasitə qayğısından və bu qayğı nəticəsində diasporumuzun inkişafından söz açılıb: "Vilayət rəhbərliyi ikitərəfli əlaqələrin bərpası, yenidən qurulması və inkişafı üçün böyük potensialın olması, Arxanqelsk -Azərbaycan iqtisadiyyat əlaqələrinə böyük biznesin cəlb olunması, biznes forumların keçirilməsini zəruriliyini vurğulayıb. Arxanqelsk vilayəti və Azərbaycan hökumətləri arasında iqtisadi-ticarət, elmi-texniki və mədəni sahələrdə sazişin bağlanmasına hazır olduqlarını qeyd ediblər. Bundan əlavə, Novruz bayramı ərəfəsində min nəfərlik şəhər filarmoniyasında Azərbaycan və Sankt-Peterburq incəsənət xadimlərinin iştirakı ilə "Azərbaycan günləri" adlı tədbirin keç
irilməsi barədə razılıq əldə edilib"-deyə Qüdsi Osmanov məlumat verib.

Baş Konsulun sözlərinə görə, hüquq -mühafizə orqanlarının rəhbərlikləri ilə aparılan görüşlərdə soydaşlarımızın regionda qarşılaşdıqları problemlərdən bəhs olunub. Arxanqelsk vilayətinin Daxili İşlər İdarəsinin rəsmisi cənab Karpeyevin verdiyi məlumata əsasən, bu regionda 8000-ə yaxın azərbaycanlı yaşayır. Vilayət prokurorunun müavini cənab Şperlinq və RF-nın Federal miqrasiya xidməti idarəsinin Arxanqelsk vilayəti üzrə rəisi xanım Carova soydaşlarımızın əksəriyyətinin regionda hüquq qaydalarına riayət etməsinə baxmayaraq, müəyyən faktorların (pasportlarının olmaması, yaşayış statusu almaq üçün Azərbaycandan alınan müvafiq arayışların gecikdirilməsi və bu üzdən qeyri-leqal yaşaması) inzibati qaydaların pozulmasına səbəb olduğunu qeyd ediblər. Görüşdə Qudsi Osmanov konsulluğun əməkdaşlığa daim hazır olduğunu və yaranmış problemlərin kökünün aradan qaldırılmasının birgə səylə mumkünlüyünü vurğulayıb.

Baş Konsul oktyabrın 26-da Arxanqelsk meriyası rəhbərliyi ilə görüş keçirib. Bu görüşdə Qüdsi Osmanov Arxanqelsk şəhəri ilə Azərbaycanın hər hansı bir şəhərinin qardaşlaşmasını, Arxanqelsk şəhərinin ad günündə Baş Konsulluğun nümayəndə heyəti və Sankt-Peterburqda fəaliyyət göstərən Azərbaycan mədəniyyət xadimlərinin iştirakı ilə konsert proqramının keçirilməsini təklif edib. Meriya rəhbərliyi bu təklifləri müsbət qarşılayıb. Arxanqelsk şəhərində milli diasporumuzun və Azərbaycan Beynəlxalq Bankının Arxanqelsk vilayətində filialının fəaliyyət göstərməsi üçün binanın ayrılmasına dair şəhər rəhbərliyinə müraciət edilib.

Bundan əlavə, baş konsul Azərbaycan diasporunun müxtəlif təbəqələrini əhatə edən 80 nəfərdən ibarət aktiv üzvlərlə 3 saatlıq görüş keçirib. Baş konsul çıxışında, ümummilli lider Heydər Əliyevin tösiyələri əsasında xarici ölkələrdə milli diaspor qurumlarının yaradılması, formalaşması və yerli orqanlarla sıx münasibətlərin qurulmasının böyük əhəmiyyət kəsb etdiyini vurğulayaraq, bunun prioritet istiqamətlərdən biri olduğunu deyib. O, 2002-ci ildə H.Əliyevin Sankt-Peterburq milli diaspor numayəndələrinin qarşısında etdiyi çıxışda verdiyi tövsiyələri əldə əsas tutan, bu gün tam formalaşmış Sankt-Peterburq diaspor modelinin Arxanqelskdə tətbiq olunmasının vacibliyini qeyd edib. Bunun əsasında görüşdə Azərbaycan diasporunun 19 nəfər fəal üzvündən ibarət Şura yaradılıb.

Xəbər lenti

Xəbər lenti