...

İlham Əliyev: Fransa hökuməti "erməni soyqırımı" ilə bağlı sənədin təsdiq edilməsinə imkan verməyəcək

Siyasət Materials 30 Oktyabr 2006 13:34 (UTC +04:00)

"Fransa parlamenti tərəfindən "erməni soyqırımının" inkar edilməsini cinayət kimi nəzərdə tutan qanun layihəsinin qəbul edilməsi ilə bağlı rəsmi mövqeyimiz Xarici İşlər Nazirliyinin bəyanatında öz əksini tapıb. Azərbaycan bu qanunvericilik təşəbbüsünün irəli sürülməsi və səsvermənin keçirilməsindən çox narahatdır". Trend inxəbər verdiyi kimi, bu barədə Azərbaycan prezidenti İlham Əliyev Rusiyada akkreditə olunmuş bir sıra xarici ölkə KİV-nə müsahibəsində bəyan edib.

Prezidentin sözlərinə görə, Azərbaycan tərəfi Fransa rəsmilərinin ölkə hökumətinin bu qanun layihəsini dəstəkləməməsi ilə bağlı bəyanatlarından məmnundur. Bu mövqe Fransa xarici işlər nazirinin Azərbaycanın xarici işlər naziri ilə bu yaxınlarda Parisdə keçirilən görüşündə, eyni zamanda Fransanın Bakıdakı səfirliyi tərəfindən də ifadə olunub.

"Biz Fransa parlamentinin üzvləri ilə deyil, Fransa hökuməti ilə işləyirik və bizim üçün Fransa hökuməti tərəfindən ifadə olunmuş mövqe qənaətbəxşdir. Ümidvarıq ki, Fransa tarixin saxtalaşdırılmasına əsaslanmış bu antidemokratik layihənin qanun kimi təsdiqlənməsinə imkan verməyəcək. Çünki Fransa parlamentində baş verənlər demokratiyanın və onun əsas prinsiplərinin kobud surətdə pozulmasıdır. Bu layihənin lehinə səs vermiş parlament üzvləri üçün gələcəkdə demokratiya haqqında danışmaq və digər ölkələri demokratik olmağa öyrətmək çox çətin olacaq",- deyə dövlət başçısı qeyd edib.

"Biz bu qanunvericilik aktını pisləyirik. Hesab edirik ki, əvvəla, bunun reallıqla heç bir əlaqəsi yoxdur. Qondarma "soyqırım" ermənilərin və erməni lobbisinin uydurmasıdır. Onlar bundan Azərbaycana qarşı təcavüzlərinə bəraət qazandırmaq, özlərini qurban kimi təqdim etmək üçün istifadə edir. Buna görə də belə hesab edirlər ki, hazırda azərbaycanlılara qarşı bu cür əməlləri törətmək hüquqları var. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində 600-dən çox insan - uşaq, yaşlı adamlar, o cümlədən qadınlar qətlə yetirilib", - deyə İlham Əliyev bildirib. Prezident eyni zamanda Türkiyə hökumətinin Ermənistana təklif etdiyi müzakirələrin başlanılması və arxivlərin açılması təklifini dəstəklədiyini də nəzərə çatdırıb.

Xəbər lenti

Xəbər lenti