...

MDB Parlamentlərarası Assambleyanın plenar iclası və "Qafqaz dördlüyü"nün iclası keçirilib

Siyasət Materials 16 Noyabr 2006 19:21 (UTC +04:00)

Rusiyanın Sankt-Peperburq şəhərində keçirilən MDB Parlamentlərarası Assambleyanın 27-ci sessiyasından sonra Assambleyanın plenar iclası və "Qafqaz dördlüyü"nün iclası olub. Bu barədə Trend ə Azərbaycan Milli Məclisinin MDB Parlamentlərarası Assambleyasında daimi nümayəndəsi Aydın Cəfərov məlumat verib.

Qeyd edək ki, bu gün - noyabrın 16-da MDB Parlamentlərarası Assambleyanın 27-ci sessiyası öz işinə başlayıb. Aydın Cəfərov bildirib ki, Assambleyanın plenar iclasında MDB dövlətlərinin parlamentləri arasında əməkdaşlığın 15 illiyi barədə müzakirələr aparılıb, əməkdaşlığın bugünkü səviyyəsi, həmçinin çatışmazlıqlar barədə danışılıb. A.Cəfərovun sözlərinə görə, gündəliyə daxil edilmiş qanunlardan 12 model qanunla bağlı müzakirələr aparılıb.

Həmçinin MDB ölkələri hüquq-müzhafizə orqanlarının iclası keçirilib, bu dövlətlərdə təhlükəsizlik, terrorizmlə mübarizə kimi məsələlər barədə müzakirələr gedib, bu sahələrdə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Plenar iclasdan sonra Azərbaycan, Gürcüstan, Ermənistan və Rusiyanın parlament sədrlərinin iştirakı ilə "Qafqaz dördlüyü"nun iclası keçirilib. A.Cəfərov deyib ki, bu iclas media nümayəndələrinin iştirakı olmadan qapalı keçirilib. Dörd ölkənin parlament rəhbərləri Qafqazda gedən proseslər barədə müzakirələr aparıblar. Lakin müzakirələrin təfərrüatı barədə açıqlamalar verilməməsi qərara alınıb. "Qafqaz dörlüyü"nün növbəti iclasının gələn il Tbilisidə keçirilməsi qərara alınıb.

Aydın Cəfərov deyib ki, sabah - noyabrın 17-də isə beynəlxalq elmi-praktiv konfransın açılışı olacaq. "Beynəlxalq təhlükəsizliyə qarşı müasir çağırışların qarşısının alınması" mövzusunda olan bu konfransda MDB ölkələrinin deputat korpusu, güc strukturlarının nümayəndələri iştirak edəcəklər.

Qeyd edək ki, MDB Parlamentlərarası Assambleyanın iclaslarında Azərbaycanı Milli Məclisin spikeri Oqtay Əsədov, parlamentin Regional Məsələlər Daimi Komissiyasının sədri Arif Rəhimzadə, deputatlar Rövşən Rzayev və Azər Əmiraslanov təmsil edirlər.

Xəbər lenti

Xəbər lenti