Gürcüstan Milli Elmlər Akademiyası rəyasət heyətinin qərarı ilə Azərbaycan İnsan Hüquqları İnstitutunun direktoru, professor Rövşən Mustafayev bu təşkilatın akademiki seçilib. Trend in Tiflisdəki xüsusi müxbirinin məlumatına görə, bu gün Gürcüstan paytaxtında bu adın verilməsi üzrə təntənəli mərasim keçirilib. Mərasimdə Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev də iştirak edib.
Azərbaycanlı alim Cənubi Qafqaz regionunda separatizm və terrorizm hallarının təzahürlərinə qarşı mübarizədə elmi tədqiqatların nəticələrinə görə bu yüksək ada layiq görülüb. Akademiyanın direktoru Lado Ramişvili Rövşən Mustafayevə diplom və vəsiqə təqdim edib.
Akademik Ramişvilinin sözlərinə görə, hazırda Qafqaz ağır vaxtlar keçirir və elm adamları vəziyyətin nizamlanması üçün əlindən gələni etməlidir. O, hörmət əlaməti olaraq qonağa gürcü xəncəri verib. "Biz guya sülh dövründə yaşasaq da, bəzən silah tətbiq etmək lazım gəlir. Qoy bu xəncər sizin evinizi, ölkənizi düşmənlərdən qorusun", - deyə o bəyan edib.
Rövşən Mustafayev mərasim iştirakçılarına bu yaxınlarda rus dilində nəşr olunmuş "Virtual ehtiraslar" kitabını təqdim edib. "Artıq dialoqa keçmək vaxtı gəlib. Biz Yaponiya, Avstraliya ilə əlaqə saxlayırıq, ancaq qonşularla ümumi dil tapa bilmirik, bir-birimizi başa düşmürük", - deyə azərbaycanlı alim bəyan edib. O qeyd edib ki, elmdə "Qafqazı dərk etmə" adlı yeni cərəyan tətbiq etmək pis olmazdı.
Onun sözlərinə görə, Qafqazda bir çox maraqlar toqquşur və bu, qeyri-sabitliyə gətirib çıxara bilər. Buna görə də separatizmlə, xüsusilə, təkcə azərbaycanlılar və gürcülər üçün deyil, həm də ermənilərin özləri üçün təhlükəli olan erməni separtizmi ilə mübarizə aparmaq lazımdır.
Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev də separitzmin inkişaf təhlükəsindən danışıb. Onun sözlərinə görə, bu, ilk növbədə Azərbaycan və Gürcüstanı narahat edir. "Biz uzunmüddətli sülhə nail olmalıyıq. Əgər hər hansı tərəfin maraqlarına ziyan dəyəcəksə, o zaman daimi sülh də olmayacaq", - deyə səfir bəyan edib.