...

Vətəndaş Həmrəyliyi Partiyası Müsavatı qeyri-etik hərəkətlərə yol verməkdə ittiham edir

Siyasət Materials 7 Dekabr 2006 12:27 (UTC +04:00)

"Mərkəzi Seçki Komissiyasında iki nümayəndə ilə təmsil olunmaq təklifi keçməyən Müsavat Partiyası iddialarının təmin olunmadığını gördükdə MSK-ya ümumiyyətlə nümayəndə göndərməmək blefini edir. Digər müxalifət partiyalarını da öz kampaniyasına qoşmaq, beləliklə də hakimiyyətlə danışıqlarda istəyinə nail olmaq niyyətindədir". Trend in məlumatına görə, bu fikirlər müxalifətçi Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) digər müxalifət partiyası olan Müsavat haqqında yaydığı bəyanatdandır.

Qeyd edək ki, MSK-da boş qalmış yerlərə parlamentdə müxalifəti təmsil edən partiyaların nümayəndələri seçilməlidir. VHP-nin də MSK-ya nümayəndəsi irəli sürülüb, lakin Müsavat Partiyası seçki komissiyalarına nümayəndə təqdim etməyib.

VHP-nin mövqeyinə görə, bununla əlaqədar olaraq Müsavat tərəfindən onlara qarşı böhtan kampaniyasına start verilib. Belə ki, guya VHP-yə MSK-ya daha loyal nümayəndələr göndərməsi tapşırığı verilib. Fikirlərini əsaslandırmaq üçün isə VHP-ni ötən seçkilərdə MSK-da təmsil edən və seçkilərin nəticələrini tanımayan Ənvər Əliyevin namizədliyinin təkrar irəli sürülməməsini göstərirlər. VHP-nin məsələ ilə bağlı açıqlamasında bildirilir ki,
bu partiyanın seçki komissiyalarında təmsil olunaraq təzyiqlərlə üzləşən çoxlu sayda üzvləri var. VHP həm də MSK-dakı AXCP nümayəndəsi Asif Mahmudlunun 2003-cü il prezident seçkilərinin, Müsavat nümayəndəsi Vidadi Mahmudlunun 2005-ci il parlament seçkilərinin nəticələrinə imza atdıqlarını xatırladıb: "Partiyaların MSK-ya göndərdikləri şəxsin bütün hərəkətlərinin məsuliyyəti partiyaların üzərinə düşür. VHP-nin komissiyalarda prinsipiallıq nümayiş etdirən üzvləri isə öz keyfiyyətlərini nümayiş etdirdilər. Öz iddiasını yeritmək - MSK-da iki nümayəndə ilə təmsil olunmaq istəyən Müsavat Partiyasının hakimiyyəti buna məcbur etmək niyyətini, bunu həyata keçirmək üçün qeyri-etik hərəkətlərə yol verməsini yaxşı anlayırıq. Ancaq bir daha xəbərdarlıq edirik ki, VHP-nin adı növbəti dəfə şər kampaniyasında hallanarsa, həmin "radikalların" seçkilər zamanı ümumi müxalifətin mövqelərinə hansı zərbələr vurduğunu açıqlayacaq və bunu sübut edən sənədləri ortaya qoyacağıq"-deyə VHP tərəfindən bəyanat verilib.

Bu fikirlərlə bağlı Müsavat Partiyasının mövqeyini şərh edən partiyanın İcra Aparatının rəhbəri Arif Hacılı isə bildirib ki, ümumiyyətlə, Müsavat Partiyasında VHP-nin adı çəkilməyib. A.Hacılının sözlərinə görə, VHP nümayəndlərinin MSK-da təmsil olunmaları barədə də söhbət getməyib: "Heç vaxt, heç bir yerdə bizim tərəfimizdən VHP haqda fikir səslənməyib, mövqe bildirilməyib. Onların hansı addımları atmaları bizi maraqlandırmır. Mən heç maraqlanmıram ki, MSK-nın formalaşmasında hansı partiyalar iştirak edir. Müsavat Partiyası bu prosesdə iştirak etmir".

A.Hacılı Müsavatın özünün MSK-da 2 nəfərlə təmsil olunmağa çalışması barədə fikrirləri də təkzib edib: "MSK-da iki nəfər nümayəndə ilə təmsil olunmaq barədə bizə müraciət olunub və biz bu təklifi qəbul etməmişik".

Xatırladaq ki, müxalifətçi Müsavat Partiyasının başqanı İsa Qəmbər və VHP-nin sədri millət vəkili Sabir Rüstəmxanlı 2003-cü il prezident seçkilərində prezidentliyə namizəd olublar.

Xəbər lenti

Xəbər lenti