...

Azərbaycanın birinci xanımı Loura Buşu Azərbaycana dəvət edib

Siyasət Materials 8 Dekabr 2006 15:22 (UTC +04:00)

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ABŞ-ın birinci xanımı Loura Buşu Azərbaycana dəvət edib. Trend "Azərtac"a istinadən xəbər verir ki, Azərbaycan və ABŞ arasında parlamentlərarası dostluq qrupunun başçısı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun Xoşməramlı səfiri Mehriban Əliyeva ABŞ-ın birinci xanımı ilə görüşdə onu ölkəmizə dəvət edib.

Görüş zamanı iki ölkənin birinci xanımları Azərbaycan və ABŞ arasında münasibətlərin möhkəmlənməsində təhsil, səhiyyə və mədəniyyətin rolunu qeyd ediblər. M.Əliyeva ABŞ-ın birinci xanımına Heydər Əliyev Fondu tərəfindən Azərbaycanda həyata keçirilən layihələr haqqında məlumat verib. Təhsil sahəsində həyata keçirilən layihələr L.Buşun diqqətini xüsusilə cəlb edib. Tərəflər qeyd edib ki, təhsilə yönəlmiş sərmayələr hər iki ölkənin gələcəyi baxımından ən dəyərlidir və bu sahədə birgə səy göstərilməsinin zərurəti vurğulanıb.

Səfər zamanı Mehriban Əliyeva ABŞ senatoru Key Beyli Hatqinson, konqresmen Şila Sikula Qibs, ABŞ dövlət katibinin ictimai diplomatiya və ictimai məsələlər üzrə müavini Karen Hyuz, dövlət katibinin demokratiya və qlobal məsələlər üzrə müavini Paula Dobryanski ilə görüşub. Görüşlərdə iki ölkənin təhsil, səhiyyə, təhlükəsizliyin təmin olunması sahəsində əməkdaşlığı, eləcə də iki ölkənin "quş qripi" ilə mübarizədə qarşılıqlı fəaliyyəti haqqında məsələlər müzakirə edilib.

P.Dobryanski demokratiya və insan hüquqları məsələləri üzrə də ikitərəfli müzakirələrin keçirilməsinin zəruriliyinə toxunub. Onun fikrincə, Azərbaycan, dünyəvi ölkə kimi, Qərb və İslam dünyası arasında körpü rolunu oynaya bilər. M.Əliyeva Azərbaycanda dini və etnik tolerantlığın yüksək səviyyəsini qeyd edərək, UNESCO və ISESCO-nun Xoşməramlı Səfiri kimi bu sahədə istənilən təşəbbüslərə hazır olduğunu bildirib.

ABŞ-a səfəri çərçivəsində Azərbaycanın birinci xanımının şərəfinə Amerika-Azərbaycan ticarət palatası "Endryu Melon" auditoriumunda qəbul təşkil edib. Orada Ağ Ev və ABŞ Dövlət departamentinin yüksək vəzifəli şəxsləri iştirak edib. Qəbulda Azərbaycanın birinci xanımına Ticarət palatasının "2006-cı ilin Xoşməramlı Səfiri" mükafatı təqdim olunub.

Qeyd edək ki, Azərbaycanın birinci xanımının ABŞ-a rəsmi səfəri başa çatıb.

Xəbər lenti

Xəbər lenti