...

Elman Rüstəmov: Əhalidə narazılıq yaradan nəqliyyat sektorunun bank sektoru ilə əlaqəsinin zəif olmasıdır

Siyasət Materials 12 Dekabr 2006 12:46 (UTC +04:00)
Elman Rüstəmov: Əhalidə narazılıq yaradan nəqliyyat sektorunun bank sektoru ilə əlaqəsinin zəif olmasıdır

Nəqliyyatda qəpik çatışmazlığı ilə əlaqədar əhalidə narazılıq yaradan səbəb nəqliyyat sektorunun bank sektoru ilə əlaqəsinin zəif olmasıdır. Trend in xəbərinə görə, bu barədə dekbarın 12-də jurnalistlərə Milli Bankın prezidenti Elman Rüstəmov məlumat verib.

E.Rüstəmovun sözlərinə görə, Milli Bankın bank sistemində kifayət qədər qəpik ehtiyatı var. Problemi yaradan səbəb isə nəqliyyat sektorunun bank sektoru ilə əlaqəsinin zəifliyindədir. "Xüsusilə də iri nəqliyyat şirkətləri bank sektoru ilə işləməlidirlər. Hər həftə Milli Banka müraciət etməklə özlərinə müəyyən qəpik ehtiyatı yarada bilərlər. Bunu etmədikləri üçün əhali arasında nazarılıqlar yaranır" - deyə E.Rüstəmov bildirib.

E.Rüstəmov köhnə manatların dövriyyədən çıxarılması prosesinə də toxunub. O bildirib ki, hazırda dövriyyədə yeni manatların xüsusi çəkisi 95% yuxarıdır.
"Hesab edirik ki, bu göstərici ilin sonunadək bir qədər də qalxacaq. Lakin bir daha əhalinin və hüquqi şəxslərin diqqətinə çatdırmaq istəyirəm ki, yanvarın 1-dən köhnə manatlar dövriyyədə istifadə olunmayacaq. Buna baxmayaraq, müddətsiz və məhdudiyyətsiz olaraq sonradan Milli Bankda və onun yerli şöbələrində köhnə manatlar yeniləri ilə dəyişdiriləcək" - E.Rüstəmov qeyd edib.

E.Rüstəmov yeni əskinasların saxta formalarının dövriyyəyə buraxılması məsələsinə də toxunub. Onun sözlərinə görə, bu əskinaslar əsasən 1, 5, 10 manatlıqlardır.
"Saxta əskinaslar surətçıxarma yolu ilə hazırlanaraq dövriyyəyə buraxılıb, bizim belə əskinaslar barədə məlumatımız var. Əskinasın saxtalığını çox asanlıqla aşkar etmək olar, çünki saxta əskinasların kağızı qalın və hissiyyatsızdır. Sadəcə bir qədər diqqətli olmaq lazımdır" - E.Rüstəmov bildirib.

Xəbər lenti

Xəbər lenti