...

ATƏT DİİHB –in direktoru Bakıda demokratiya və insan hüquqları sahəsində əməkdaşlığı müzakirə edib

Siyasət Materials 23 Dekabr 2006 13:06 (UTC +04:00)

Azərbaycan və DİİHB arasında demokratiya və insan hüquqları sahəsində əməkdaşlığın gücləndirilməsi DİİHB direktoru Kristian Ştroxalın Azərbaycana iki günlük səfərinin əsas məqsədi idi. Trend xəbər verir ki, bu barədə ATƏT-in məlumatında qeyd olunub.

Səfər zamanı K.Ştroxal Azərbaycan prezidenti İlham Əliyev, parlamentin spikeri Oqtay Əsədov, xarici işlər naziri Elmar Məmmədyarov, eləcə də siyasi partiya nümayəndələri və başqa vəzifəli şəxslərlə görüşüb.

K.Ştroxalın sözlərinə görə, ATƏT bəzi sahələrdə, o cümlədən təhsildə, qadağan olunmuş mallara qarşı mübarizədə, polis və hakimlər üçün treninqlərin keçirilməsində Azərbaycana yardım edə bilər. "Bu onu göstərir ki, biz 2007-ci ildə münasibətlərimizin inkişafı üçün səy göstərməli və digər sahələrdə tərəqqiyə nail olmalıyıq", - deyə o bildirib.

K.Ştroxal həmçinin Azərbaycan liderlərini DİİHB-nin, Venesiya komissiyasının və Avropa Konsulluğunun 2005-ci ildə parlamentə seçkilərdən sonra verdiyi tövsiyyələrin yerinə yetirilməsini təmin etməyə çağırıb. DİİHB AR qanunvericiliyində, o cümlədən "Seçki haqqında" və "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunlarda islahat məsələləri üzrə Venesiya komissiyası ilə birgə işləyir.

ATƏT DİİHB direktoru həmçinin Azərbaycan insan hüquqları sahəsində vəziyyətin yaxşılaşdırılması yollarını, polisin öz səlahiyyətlərindən sui-istifadə etmək imkanını və mətbuat azadlığını müzakirə edib. "Hökümət, siyasi partiyalar və vətəndaş cəmiyyəti arasında dialoqlar sadəcə olaraq arzuolunan deyil, həm də yuxarıda sadalanan məqsədlərə nail olmaq üçün zəruridir. Hökümət və ATƏT-in Bakıdakı ofisi ilə birgə biz 2007-ci ildə bu dialoqu dəstəkləməyi planlaşdırırıq", - deyə K.Ştroxal bildirib.

O qeyd edib ki, Azərbaycanın vətəndaş cəmiyyətinin mütəşəkkilliyinə yaxşı mənada təəccüblənib və bu məsələnin gələcək inkişafının zəruri olduğunu vurğulayıb. "Güclü vətəndaş cəmiyyəti Azərbaycanda demokratiyanın gələcək inkişafında təməl daşı olacaq və DİİHB bu işdə Azərbaycana kömək etməyə hazırdır", - deyə K.Ştroxal bildirib.

Xəbər lenti

Xəbər lenti