...

Eldəniz Quliyev: "Yeni Siyasət" blokunun fəaliyyəti ilə bağlı yaranmış qeyri-müəyyənliyə son qoyulmalıdır"

Siyasət Materials 12 Yanvar 2007 14:57 (UTC +04:00)

"Yeni Siyasət" (YeS) blokunun fəaliyyəti ilə bağlı yaranmış qeyri-müəyyənliyə son qoyulmalıdır. Bu barədə Trend ə açıqlamasında "YeS" blokunun həmtəsisçiçi, Azərbaycan Ziyalı Hərəkatının sədri Eldəniz Quliyev bildirib.

"Belə bir qeyri-müəyyənlik mənim üçün qəbuledilməzdir və hər şeydən pisdir. Blokun Koordinasiya Şurası toplaşaraq gələcək taleyimizə aydınlıq gətirməlidir", - deyə Eldəniz Quliyev qeyd edib.

Onun sözlərinə görə, bu həftənin sonu, gələn həftənin əvvəllərində blokun həmtəsisçiləri iclas keçirərək konkret qərar qəbul edəcəklər: "Mən hesab edirəm ki, indiki şəraitdə blokun öz fəaliyyətini davam etdirməsi daha doğru olardı. Lakin bu məsələyə Koordinasiya Şurasının iclasında aydınlıq gətiriləcək."

E.Quliyev onun "YeS"i tərk etməsi haqqında yayılan məlumatları təkzib edib.

Xatırladaq ki, "YeS" bloku 2005-ci ilin parlament seçkiləri ərəfəsində bir qrup siyasətçi, ictimai xadim və bir neçə partiyanın iştirakı ilə seçki bloku kimi yaradılıb. Seçkilər başa çatandan sonra partiyaların bir qrupu bloku tərk edib. Həmtəsisçilər "YeS"in siyasi bloka çevriləcəyini bəyan ediblər. Lakin bu hələ də baş tutmayıb.

Blok Milli Məclisdə iki deputatla təmsil olunur.

Xəbər lenti

Xəbər lenti