...

Azərbaycan və Fransa prezidentləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Siyasət Materials 30 Yanvar 2007 11:42 (UTC +04:00)
Azərbaycan və Fransa prezidentləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Trend xəbər verir ki, yanvarın 29-da Fransa prezidentinin iqmətgahında - Yelisey sarayında Azərbaycan prezidenti İlham Əliyevlə rəsmi görüş keçirilib.

Sarayda prezidentlərin təkbətək görüşü keçirilib. Prezident Jak Şirak bildirib ki, son vaxtlar Azərbaycan və Fransa arasında əməkdaşlıq çox inkişaf edib, bu il Fransada Azərbaycan İli keçiriləcək. Prezident deyib: "Mən hesab edirəm ki, necə ki siyasi, eləcə də iqtisadi planda bizim münasibətlər çox vacib və məhsuldardır".

İ.Əliyev öz növbəsində qeyd edib ki, Fransada dövlət səfərində olmaq onun üçün böyük şərəfdir. Ölkə başçısı qeyd edib ki, prezident seçildikdən sonra da ilk rəsmi səfərini Fransaya edib.

Dövlət başçıları enerji layihələri, Cənubi Qafqazda vəziyyət və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi aparıblar. Bakı-Tbilsi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum layihələrindən danışarkən İ.Əliyev bu layihələrin xüsusi önəmini qeyd edib və xatırladıb ki, keçən ilin noyabr ayında onun Brüselə səfəri zamanı Azərbaycan və Avropa İttifaqı arasında enerji məsələləri üzrə strateji əməkdaşlığa dair qarşılıqlı anlaşma memorandumu imzalanıb. Dövlət başçısı bildirib ki, Azərbaycan Xəzər regionundan Avropa bazarlarına neft və qaz tədarük edən ilk ölkə olacaq. O vurğulayıb ki, bu, Azərbaycan dövlətinin seçimidir.

Regionda baş verən prosesləri müzakirə edərkən J.Şirak bildirib ki, onun ölkəsi çox arzu edir ki, Azərbaycanın yerləşdiyi regionda sülh və əmin-amanlıq sürsün. Prezidentlər görüşdə həmçinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlar prosesinin hazırkı vəziyyətini müzakirə ediblər.

ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona son səfərinin üzərində dayanaraq İ.Əliyev bildirib ki, keçirilən görüş çox səmərəli olub. Dövlət başçısı bildirib ki, Azərbaycan və Ermənistan prezidentlərinin son görüşü Minskdə keçirilib. O deyib ki, Ermənistan təcavüzkar siyasətinə son qoymalıdır, bundan sonra Cənubi Qafqaz regionunda sabitlik təmin oluna bilər, böyük inkişafa nail olmaq olar.

Prezident Jak Şirak vurğulayıb ki, Fransa Minsk qrupu həmsədri kimi regionda qısa zamanda sülhün bərqərar olması, qaçqın və məcubri köçkünlərin doğma yerlərinə qayıtması üçün bütünlüklə öz təsir və imkanlarını istifadə edir.

Elə həmin gün Yelisey sarayında Fransa prezidenti və onun xanımı Bernadet Şirak adından Azərbaycan prezidenti və xanımı Mehriban Əliyevanın şərəfinə dövlət ziyafəti verilib.

Xəbər lenti

Xəbər lenti