...

Avropa Şurasının baş direktoru: Azərbaycan İnsan haqları üzrə Avropa Konvensiyasını təsdiq etdikdən sonra siyasi məhbuslar üzrə məruzəçinin mandatının uzadılmasına ehtiyac qalmayıb

Siyasət Materials 5 Fevral 2007 16:05 (UTC +04:00)

Trend in Avropa Şurasının siyasi məsələlər üzrə baş direktoru Jan-Lui Loranla (Jean-Louis Laurens) müsahibəsi

- 2001-ci ildə Avropa Şurasına daxil olarkən Azərbaycan öz üzərinə bir sıra öhdəliklər götürüb və demək olar ki, onların müəyyən hissəsi tamamilə yerinə yetirilib. Gündəlikdə daha hansı məsələlər qalır?

- İlk növbədə, qeyd etmək istəyirəm ki, Avropa Şurasının parlament assambleyası Azərbaycanın öhdəlikləri ilə bağlı hesabat təqdim edəcək və bu, təşkilatın aprel ayındakı yaz sessiyasında müzakirə olunacaq. Bu hesabatda Azərbaycanın öhdəlikləri yerinə yetirməsinin ətraflı qiymətləndirilməsi olacaq. Lakin mən bu istiqamətdə hansı işlər gördüyümüzü deyə bilərəm. Birinci prioritet sahə - seçkilərin keçirilməsidir. Bu, Seçki Məcəlləsinin və seçkilərin təşkil olunmasının bütün aspektlərinin dəyişdirilməsinə aiddir. Bura seçki komissiyasının tərkibi, səslərin hesablanması, şikayət proseduru, barmaqların işarələnməsi, əlbəttə ki, seçki prosesi ilə sıx əlaqədə olan mətbuat azadlığı, söz, eləcə də sərbəst toplaşmaq azadlığı daxildir.
Lakin söz azadlığını yalnız seçkilərlə əlaqələndirmək olmaz, bu, gündəlik proses olmalıdır. Cinayət məcəlləsinin jurnalistlərə qarşı istifadə olunması da daxil olmaqla, Azərbaycanda mətbuat, söz, eləcə də sərbəst toplaşmaq azadlığı sahəsində müəyyən təzyiqlərin olması ilə bağlı böyük narahatçılıq var.
Azərbaycan və Avropa Şurasının əməkdaşlıq etdiyi başqa sahə - məhkəmə və penitensiar sistemin təkmilləşdirilməsini nəzərdə tutan hüquq sahəsidir. Bura vəkillərin statusu və həbsxanalardakı şəraitə qədər bütün məsələlər daxildir.
İşimizin növbəti sahəsi - Azərbaycanda indiyədək çox zəif olan yerli özünü idarəetmə orqanları ilə işdir. Yerli icmalar tam formalaşma və fəaliyyət üçün kifayət qədər potensiala malik deyillər.

- Azərbaycanda hüquq müdafiəçiləri hesab edirlər ki, AŞPA-nın Azərbaycanda siyasi məhbus məsələləri üzrə məruzəçisinin vəzifəsinin bərpa olunmasına ehtiyac var. Avropa Şurasının bu məsələ ilə bağlı rəsmi rəyi necədir?

- Əvvəl mən AŞPA-ya göndərilən siyasi məhbusların siyahıları ilə bağlı işə cəlb olunmuşdum. Mən bu işə cəlb olunmuş və siyahıları araşdıran iki ekspertlə sıx şəkildə işləyirdim. Bu ağır iş nəticəsində biz siyasi motivlərlə bağlı həbs olunmuş bir neçə yüz məhbusun əvf olunmasına nail olduq. Və bu ekspertlərin mandat müddətinin uzadılmasının vaxtı gələndə, biz qərara aldıq ki, Azərbaycan İnsan haqları üzrə Avropa Konvensiyasını təsdiq edib və mandatın uzadılmasına ehtiyac yoxdur. Qərara alındı ki, artıq vətəndaşların öz hüquqlarının müdafiəsi ilə bağlı müraciət edə biləcəkləri instansiya var. Lakin mən bilirəm ki, vəziyyət tamamilə həll olunmayıb, ancaq mən bu məsələyə şərh verməyəcəyəm, AŞPA bu məsələ ilə bağlı öz fikrini bildirəcək.

- Son vaxtlar İnsan haqları üzrə Avropa məhkəməsi Azərbaycan vətəndaşlarının 3 şikayətinə baxıb. Sizdə Azərbaycandan daxil olan başqa iddialar haqqında məlumat varmı?

- Hər şeydən əvvəl, mən iddiaların sayına dair nə isə deyə bilmərəm, çünki məndə belə məlumat yoxdur. Bilirəm ki, hazırda Avropa məhkəməsində 90000-dən çox iddia var və onlara baxmaq lazımdır. Lakin mən qeyd etmək istəyirəm ki, bütün ölkələrdən iddiaların sayının artması ilə bağlı Məhkəmədə böhran yaranır. Biz istəyirik ki, Avropa Şurasının bütün üzv-ölkələrində məhkəmələr daha çox inkişaf etsin və insanlar Avropa məhkəməsinə müraciət etməyə ehtiyac duymasınlar və illərlə onların işinə baxılmasını gözləməsinlər. Biz onların problemlərinin yerində həll olunmasının tərəfdarıyıq və ona görə də təşkilatın bütün üzv-ölkələrində, o cümlədən Azərbaycanda məhkəmələrin təkmilləşdirilməsinə çalışırıq.

- Avropa Şurasının yerli və regional hakimiyyət orqanları Konqresi Azərbaycanın seçki sistemi ilə bağlı qətnamə hazırlayır. Bu nə sənəddir və Azərbaycan həmin sənəddən nə gözləməlidir?

- Mən bu sənədi oxumamışam. Lakin bu, Avropa Şurasının üzv-ölkələrində yerli və regional hakimiyyət orqanları ilə bağlı vəziyyətin qiymətləndirilməsini nəzərdə tutan hesabatdır. Bu cür sənədlərdə Konqres regional hakimiyyət orqanlarının vəziyyətini qiymətləndirir və öz tövsiyyələrini təklif edir.

Xəbər lenti

Xəbər lenti