"907-ci düzəlişin tam ləğv olunması Azərbaycanla ABŞ arasındakı münasibətlərə böyük təkan verər." Trend in məlumatına görə, fevralın 6-da Milli Məclisin sədri Oqtay Əsədov ABŞ Dövlət Departamentinin Avropa və Avrasiyaya yardım məsələlərinin əlaqələndiricisi Tomas Adamsın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən belə deyib.
O.Əsədov bildirib ki, müstəqil Azərbaycan dünyada özünəməxsus yeri olan ABŞ-la müxtəlif sahələrdə əməkdaşlığın inkişafını çox önəmli hesab edir. Milli Məclisin sədri ABŞ prezidenti Corc Buşun 907-ci düzəlişi müvəqqəti dayandırmasını yüksək qiymətləndirib.
Onun sözlərinə görə, Azərbaycan ABŞ-la parlamentlər səviyyəsində münasibətlərin inkişafına böyük əhəmiyyət verir. "Digər ölkələrin parlament təcrübəsinin öyrənilməsi çox önəmlidir. Hər iki ölkənin parlamentlərində dostluq qruplarının fəaliyyət göstərməsi təqdirəlayiqdir", -deyə Oqtay Əsədov bildirib.
Qonaq Azərbaycanda gördüklərindən məmnun olduğunu vurğulayıb. Qeyd edib ki, onun təmsil etdiyi ölkə həyatın müxtəlif sahələrində Azərbaycanla əməkdaşlığa böyük maraq göstərir. Təkcə energetika sahəsində deyil, qeyri-neft sektorunda, mədəni, humanitar sahələrdə də əlaqələrin genişləndirilməsi üçün potensial imkanlar mövcuddur.
Qəbulda Milli Məclis sədrinin müavini Ialeh Ələsgərov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, ABŞ-ın ölkəmizdəki səfiri xanım Ənn Dersi və digər rəsmi şəxslər iştirak ediblər.