...

YAP sədrinin müavini: "YAP-ın zəngin seçki təcrübəsi var və bütün seçkilərdən uğurla çıxıb"

Siyasət Materials 9 Fevral 2007 19:43 (UTC +04:00)

"Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin prezident seçildikdən sonra həyata keçirdiyi siyasətin çox yüksək uğurları və bunun sayəsində xalqımızın ona dərindən etimad göstərməsi 2008-ci ilin prezident seçkilərində irəliyə sürəcəyimiz namizəd kimi onun böyük uğurlar qazanacağına çox ciddi inam yaradır." Trend in məlumatına görə, bu barədə hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi, millət vəkili Əli Əhmədov məlumat verib.

Ə.Əhmədov vurğulayıb ki, YAP-ın seçki keçirməklə bağlı kifayət qədər böyük və zəngin təcrübəsi var. Partiya bütün seçkilərdə iştirak edib və hər dəfə də seçkilərdən uğurla çıxıb.

"YAP-ın böyük resursları mövcuddur, həm insani, həm təşkilati resursları, həm də qeyd etdiyim kimi, zəngin seçki təcrübəsi var. Bütün bunlarla yanaşı, Yeni Azərbaycan Partiyasına xalqımızın böyük inam və etimadı da partiyanın seçki uğurlarını təmin edən vacib amillərdən biridir. Bunlar bütövlükdə seçki kampaniyasının uğurla aparılacağına təminat verən amillərin bir qrupudur. Digər bir qrup və təbii, ən əsas faktor partiyanın müəyyənləşdirdiyi və seçkilərə təqdim edəcəyi vahid namizəddir", -deyə YAP rəsmisi əlavə edib.

Ə.Əhmədov vurğulayıb ki, İlham Əliyev 2008-ci ilin prezident seçkilərində təkcə YAP-ın namizədi yox, bu gün onu həyata keçirdiyi siyasətin çox böyük uğurlarına görə qətiyyətlə dəstəkləyən bütün Azərbaycan seçicilərinin namizədi olacaqdır: "Bunun özü artıq İlham Əliyevin növbəti prezident seçkilərində böyük uğur qazanacağını şərtləndirən ən vacib amillərdəndir."

Qeyd edək ki, YAP 1992-ci ildə Naxçıvanda yaradılıb. Partiyanın ilk sədri mərhum eks-prezident Heydər Əliyev olub. 14 ildi hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti