...

Siyavuş Novruzov: "Əli İnsanov heç vaxt YAP İdarə Heyətinin iclaslarında sərt çıxış etməyib"

Siyasət Materials 16 Fevral 2007 17:58 (UTC +04:00)

"Kim YAP-a xəyanət edirsə, axırı Əli İnsanovun aqibəti kimi olur. YAP İdarə Heyətinin bütün iclaslarının protokolları arxivdə var. Əli İnsanov YAP İdarə Heyətinin iclaslarında çıxış edərkən tərifdən başqa heç bir fikir səsləndirməyib." Trend in məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.

Xatırladaq ki, dövlət çevrilişinə cəhddə, dövlət əmlakını mənimsəməkdə, vəzifəsindən sui-istifadə etməkdə və digər cinayətlərdə ittiham olunaraq həbs edilən sabiq səhiyyə naziri, YAP İdarə Heyətinin keçmiş üzvü Əli İnsanov məhkəmədə hakim partiyanın ünvanına bir sıra ittihamlar səsləndirib. Ə.İnsanov deyib ki, onu YAP İdarə Heyətinin iclaslarında tənqidi fikirlər səsləndirdiyinə görə həbs ediblər.

S.Novruzov Ə.İnsanovun dediklərini "böhtan" adlındırıb.

YAP rəsmisi bildirib ki, əksinə, Əli İnsanov iclaslarda sərt fikirlər səsləndirənlərə qarşı çıxıb.

"Çünki dövlət vəzifəsini Əli İnsanov daşıyırdı, başqaları yox. Sərt çıxışlar edənlər də Əli İnsanovun cavabdeh olduğu sahəni tənqid edirdilər", -deyə Siyavuş Novruzov əlavə edib.

YAP-a maliyyə yardımları etdiyinə dair Ə.İnsanovun söylədiklərinə gəlincə, S.Novruzov qeyd edib ki, hakim partiya hər il öz maliyyə xərcləri haqqında hesabat verir: "Əli İnsanov bir çek, bir mənbə və ya işarə göstərsin ki, YAP-ın maliyyələşdirilməsində hər hansı bir rolu olub. İlkin dövrdə Əli İnsanovun özünün pulu yox idi. Biz ona yardım edirdik."

S.Novruzov Əli İnsanovu "yaramaz" adlandırıb. Hakim partiyanı özünün qurması ilə bağlı Əli İnsanovun fikirlərinə YAP icra katibinin müavini "bunlar boş-boş şeylərdir. Tarixi faktlar başqa şey deyir", -deyə bildirib.

Qeyd edək ki, YAP 1992-ci ildə Naxçıvanda yaradılıb. Partiyanın ilk sədri mərhum eks-prezident Heydər Əliyev olub. 14 ildi hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti