...

Səməd Seyidov: "Ermənistan mədəni abidələrin vəziyyətini araşdıracaq missiyaların bölgəyə səfər etməsinə mane olur"

Siyasət Materials 10 Aprel 2007 17:32 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Ermənistan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Mədəniyyət, Təhsil və Elm Komitəsinin Cənubi Qafqazda mədəni irsin vəziyyətinin öyrənilməsi üzrə məruzəçisi, britaniyalı deputat Edvard Oharanın bölgəyə səfərinin baş tutmasını əngəlləyir. Bu barədə çərşənbə axşamı Bakıda Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov bildirib.

Seyidov qeyd edib ki, məruzəçinin bölgəyə səfər maşrutu artıq dəqiqləşdirilib. Edvard Ohara əvvəlcə Ermənistana getməli və oradakı Azərbaycan və gürcü abidələrinin vəziyyətini araşdırmalıdır. Sonra isə o, Gürcüstana gedərək oradakı Azərbaycan və erməni abidələrinin vəziyyətini öyrənməlidir. Məruzəçi oradan Azərbaycana gələrək Dağlıq Qarabağda və işğal olunmuş digər ərazilərdə olmalı, eyni zamanda Naxçıvana baş çəkməlidir: "Lakin Ermənistan tərəfi mayın 12-də bu ölkədə keçiriləcək parlament seçkilərini bəhanə gətirərək səfərin baş tutmasını əngəlləyir. Çünki belə bir araşdırmanın aparılması Ermənistana sərf etmir. Bu da Ermənistanda və işğal altında olan ərazilərdəki Azərbaycan abidələrinin dağıdılması ilə bağlıdır."

Nümayəndə heyətinin rəhbəri deyib ki, Cənubi Qafqazda mədəni irsin vəziyyətinin öyrənilməsi üçün Avropa Şurasının baş katibi Terri Devis tərəfindən yaradılmış ayrıca bir missiya fəaliyyət göstərir. Lakin Ermənistanın yaratdığı maneələrə görə həmin missiyanın da bölgəyə səfəri baş tutmur. Bu səfərlərin baş tutması üçün Cənubi Qafqazın hər üç ölkəsi eyni vaxtda razılıq verməlidir. Nümayəndə heyətinin rəhbəri qeyd edib ki, Azərbaycan həm E.Oharanın, həm də T.Devisin missiyasının regiona səfər etməsində maraqlıdır. Azərbaycan bütün məruzəçilər üçün açıqdır: "Terri Devisin yaratdığı missiyanın bölgəyə səfər etməsində daha çox maraqlıyıq. Çünki bu missiyanın tərkibinə güclü ekspertlər daxildir."

Xəbər lenti

Xəbər lenti