...

Gültəkin Hacıyeva: "Avropa Şurası Azərbaycanın ərazi bütövlüyünü bir daha tanıdı"

Siyasət Materials 17 Aprel 2007 12:03 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Ermənistanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti qurumun sessiyasına Azərbaycanın öhdəliklərinin icra vəziyyətinə dair məruzədə düzəliş etmək və ölkəmizə problem yaratmaq üçün qatılmışdılar. Lakin erməni deputatlar buna nail ola bilmədilər. Bu barədə çərşənbə axşamı telefonla hazırda Strasburqda olan Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti sədrinin müavini Gültəkin Hacıyeva məlumat verib.

Hacıyeva qeyd edib ki, Ermənistanda mayın 12-də parlament seçkiləri keçiriləcək: "Ona görə də bu ölkəni təmsil edən deputatlar AŞPA-nın yaz sessiyasına qatılmayacaqdılar. Lakin martın 28-də AŞPA-nın Monitorinq Komitəsinin iclasında Azərbaycanın öhdəliklərinin icra vəziyyətinə dair məruzənin yekun variantı müzakirə olunan zaman biz bir sıra düzəlişlər irəli sürdük və həmin düzəlişlər qəbul olundu."

Millət vəkili deyib ki, məruzənin yekun variantına daxil edilən düzəlişlərdən biri də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olub. Onun sözlərinə görə, AŞPA-nın həməruzəçilərinin hazırladıqları sənəddə Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsi kimi göstərilib: "Sənəddə qeyd olunub ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində bu cür poseslər gedir. Məruzənin bu hissəsində düzəliş etmək üçün Ermənistanın AŞPA-dakı nümayəndə heyəti tam tərkibdə sessiyaya qatılmışdılar. Baxmayaraq ki, əvvəldən onların sessiyaya qatılacağı gözlənilmirdi. Erməni deputatlar bizim martın 28-də əldə etdiyimiz uğurun üstündən xətt çəkmək istəyirdilər. Lakin buna nail ola bilmədilər."

Hacıyeva bildirib ki, məsələ ilə bağlı əvvəlcə Monitorinq Komitəsində ciddi müzakirələr aparılıb. Lakin erməni deputatların təklifləri qəbul olunmayıb. Nümayəndə heyəti sədrinin müavini qeyd edib ki, AŞPA-nın sessiyası zamanı Ermənistan nümayəndə heyətinin üzvləri yenidən eyni düzəlişlə çıxış ediblər. Ermənistan nümayəndə heyətinin üzvləri isə təklif ediblər ki, sənəddən "Azərbaycanın Dağlıq Qarabağ bölgəsi" sözləri çıxarılsın. Yalnız Dağlıq Qarabağ bölgəsi yazılsın. Amma sessiyanın iclasında da istədiklərinə nail ola bilməyiblər: "Nəticədə biz Avropa Şurası tarixində rast gəlinməyən bir uğura nail olduq. BMT formatında ölkələrin ərazi bütövlüyünün tanınması məsələsi AŞPA-nın sənədində öz əksini tapdı. AŞPA BMT formatına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıdı. Ermənistan xarici siyasətinin bu cəhdi də nəticəsiz qaldı."

Aprelin 16-da Strasburqda öz işinə başlayan AŞPA-nın yaz sessiyasının ilk günündə Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklər müzakirə edilib. Nəticədə 99 deputat lehinə, 1 nəfər əleyhinə və 4 deputat bitərəf qalmaqla Azərbaycanla bağlı qətnamə qəbul olunub. İclasda Səməd Seyidov, Gültəkin Hacıyeva, Sabir Hacıyev, Qənirə Paşayeva, Əli Hüseynov və Rafael Hüseynovdan ibarət Azərbaycan nümayəndə heyəti iştirak edir. Sessiya aprelin 20-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti