...

Mehriban Əliyeva: "Cinayət törətmiş insanları bağışlamaqla Azərbaycanın humanizm prinsipləri əsasında inkişaf etdiyini göstərməliyik"

Siyasət Materials 8 May 2007 13:23 (UTC +04:00)
Mehriban Əliyeva: "Cinayət törətmiş insanları bağışlamaqla Azərbaycanın humanizm prinsipləri əsasında inkişaf etdiyini göstərməliyik"

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Cinayət törətmiş insanları bağışlamaqla həm onlar normal həyata qayıdır, həm də müasir Azərbaycanın humanizm prinsipləri əsasında inkişaf etdiyi nümayiş olunur. Bu fikirləri Azərbaycan Milli Məclisinin çərşənbə axşamı keçirilən iclasında Amnistiya Aktı ilə bağlı dinləmələr zamanı çıxış edən Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva bildirib.

Millət vəkili Əliyeva Azərbaycanın eks-prezidenti Heydər Əliyevin anadan olmasının 84-cü ildönümü münasibətilə Milli Məclisə Amnistiya Aktı təqdim edib.

Millət vəkili çıxışında Amnistiya Aktı layihəsinin hazırlanması zərurətindən danışıb. Əliyeva qeyd edib ki, bu təşəbbüsü irəli sürərkən cinayət törətdiyinə görə həbsxanalarda yatan insanların bağışlanaraq azad həyata qayıtması, öz ailələrinə qovuşması məqsədi nəzərdə tutulub. "İnsanları bağışlamaqla biz həm onları normal həyata qaytarırıq, həm də müasir Azərbaycanın humanizm prinsipləri əsasında inkişafını nümayiş etdiririk. Cəmiyyətdə olan bütün ağır problemləri mərhəmətlə, insansevərliklə həll etməyə çalışmaq lazımdır. Fikrimcə, vətəndaş cəmiyyəti elə bir cəmiyyətdər ki, orada bütün azadlıqlar, qanunun aliliyi mövcuddur, vətəndaşlar fəaldırlar, cəmiyyətdə birlik və həmrəylik var. Bu, vətəndaş cəmiyyətinin formalaşmasında ən əsas prinsiplərdən biridir" - deyə millət vəkili qeyd edib.

Millət vəkili əlavə edib ki, belə bir cəmiyyətin qurulması üçün dahi azərbaycanlı, böyük insan Heydər Əliyev öz səylərini göstərdi. Heydər Əliyev Azərbaycanı müstəqil, azad, qüdrətli, firavan dövlət kimi görmək istəyirdi. Millət vəkili bu gün Azərbaycanın bu istiqamətdə inkişaf etdiyini vurğulayıb. Əliyeva deputat həmkarlarının Heydər Əliyevin xatirəsinə həsr olunmuş Amnistiya Aktını dəstəkləyəcəklərinə ümidvar olduğunu bildirib.

Parlamentin spikeri Oqtay Əsədov Amnistiya Aktı layihəsi ilə bağlı təxminən 45 nəfər deputatın çıxış edəcəyini qeyd edib.

Parlamentdə müzakirələr davam edir.

Xəbər lenti

Xəbər lenti