...

ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfərə Ermənistandan başlayır

Siyasət Materials 21 May 2007 14:57 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfərə Ermənistandan başlayır

Azərbaycan,Bakı/müxbir Trend E.Hüseynov/Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri mayın 22-də regiona səfərə başlayır. Bu barədə bazar ertəsi telefon vasitəsilə Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov məlumat verib.

Vasitəçilərin missiyası Yerevana mayın 22-də gecə gələcək və 2 gün ərzində Ermənistan rəhbərliyi ilə məsləhətləşmələr aparılacaq. "Biz son il ərzində məşğul olduğumuz işi - münaqişənin həllinin baza prinsiplərinin razılaşdırımasını davam etdirəcəyik" - deyə Merzlyakov bildirib. Merzlyakov qeyd edib ki, məsləhətləşmələrin predmeti həmçinin iyunda Sankt-Peterburqda keçirilməsi planlaşdırılan Azərbaycan və Ermənistan prezidentlərinin birbaşa danışıqlarının növbəti mərhələsinin təşkili olacaq.

Yerevanda keçirilən ikigünlük danışıqlardan sonra vasitəçilər Bakıya baş çəkmək və Azərbaycan rəhbərliyi ilə analoji danışıqlar aparmaq niyyətindədir. Rusiyalı diplomat qeyd edib ki, vaxt çatışmazlığı səbəbindən onlar Dağlıq Qarabağa baş çəkə bilməyəcək.

Missiyaya Minsk qrupunun rusiyalı və fransalı həmsədri - Merzlyakov və Bernar Fasye daxil olacaq. Amerikalı həmsədr Metyu Brayza hazırkı missiyanın tərkibinə daxil deyil. "Bu dəfə Brayza gələ bilməyəcək. Lakin o, həmsdərlərin iyunun birinci dekadasına planlaşdırılan növbəti səfərində iştirak edəcək" - deyə rusiyalı diplomat bildirib. Həmsədrlərin regiona təkrar səfəri ATƏT-in fəaliyyətdə olan rəhbəri, İspaniyanın XİN rəhbəri Migel Anhel Moratinosun 4-5 iyun tarixinə planlaşdırılmış səfərindən sonra baş tutacaq. Vasitəçilər iyunun 10-da Sankt-Peterburqda prezidentlər Robert Köçəryan və İlham Əliyevin görüşünün mümkünlüyünü müzakirə edəcək.

Cənubi Qafqazın iki ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiası ilə başlayıb. 1992-ci ildən etibarən Azərbaycanın 20% ərazisi, həmçinin Dağlıq Qarabağ və ona bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ilin mayında tərəflər atəşkəs haqqında razılığa gəlib və münaqişənin həlli bu vaxta qədər ATƏT-in Minsk qrupunun himayəsindədir, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə aparılan danışıqlar hələ də nəticəsizdir.

Xəbər lenti

Xəbər lenti