Azərbaycan, Bakı/ Trend müxbir A.Qasımova/ GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) kiməsə qarşı yaradılmış təşkilat deyil. Bu fikri səsləndirən Gürcüstanın xarici əlaqələr üzrə Parlament komissiyasının sədri Konstantin Qabaşvili hesab edir ki, təşkilatın fəaliyyəti heç kimi narahat etməməlidir. GUAM Gürcüstanın xarici siayasətinin mühim tərkib hissəsidir. Bu, Xəzər regionu, Zaqafqaziya və Mərkəzi Avropanın əlaqə imkanıdır. Bu sözləri bazar ertəsi Qabaşvili telefon vasitəsilə Tbilisidən bildirib.
"Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat - GUAM" dövlət başçılarının ikinci sammiti iyunun 19-da Bakıda keçiriləcək. Dövlət başçılarının sammitindən öncə xarici işlər nazirlərinin Şurası və Milli Koordinatorlar Komitəsinin toplantısı keçiriləcək ki, burada da sammitin gündəliyi hazırlanacaq. GUAM-ın üç toplantısının da Bakıda keçirilməsi təşkilatda sədrlik səlahiyyətinin Azərbaycanda olması ilə əlaqədardır.
"GUAM - ümumi dəyər və mövqeləri olan ölkələrin birliyidir" - deyə Qabaşvili söyləyib. Onun sözlərinə görə, GUAM-a yeni ölkələrin cəlb olunması, həmin ölkələr təşkilatın tələblərinə cavab verərlərsə, müsbət xarakter daşıyardı.
Qabaşvili hesab edir ki, qurum çərçivəsində ilk növbədə iqtisadi, xüsusilə energetika məsələlərini inkişaf etdirmək lazımdır. "Energetika sahəsində gözəl imkanlar var"- deyən Qabaşvilinin sözlərinə görə, GUAM-a üzv ölkələr həmçinin humanitar məsələlər, kapital və demokratik ideyaların azad hərəkəti, ictimai səviyyənin inkişafı, elm və təhsil sahələrində fəal surətdə əməkdaşlıq etməlidirlər.
GUAM - dövlətlərarası təşkilat, 1997-ci ilin oktyabrında Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova tərəfindən yaradılıb (1999-cu ildən 2005-ci ilə qədər Özbəkistan da təşkilatın tərkibinə daxil olub). 2001-ci ildə GUAM beynəlxalq regional təşkilat statusu alıb. 2001-ci ilin 6-7 iyununda Yaltada keçirilən sammitdə təşkilatın Nizamnaməsi imzalanıb. 2004-cü ildə tərkibində 3 komitə - siyasət komitəsi, ticarət-iqtisadi komitə, elm, mədəniyyət və təhsil komitəsi olan Parlament Assambleyası yaradılıb.
GUAM-a üzv dövlətlər beynəlxalq təşkilatlar, xüsusilə BMT və ATƏT çərçivəsində qarşılıqlı fəaliyyət göstərirlər. 2003-cü ildə BMT-nin Baş Assambleyasında GUAM-a müşahidəçi statusu verilib.