...

Azərbaycanın eks-prezidentinin qəbirüstü abidəsi açılacaq

Siyasət Materials 25 İyun 2007 13:55 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Azərbaycan Milli Azadlıq Hərəkatının lideri, mərhum eks-prezident Əbülfəz Elçibəyin qəbirüstü abidəsinin rəsmi açılışı avqustun 22-də olacaq. Bu barədə bazar ertəsi Bakıda Elçibəyin qardaşı Almurad Əliyev məlumat verib. O qeyd edib ki, qəbirüstü abidə tam hazır deyil. Müəyyən işlər qalıb ki, onlar da avqusta qədər yekunlaşacaq. Ondan sonra Elçibəyin vəfat etdiyi gün avqustun 22-də qəbirüstü abidənin açılış mərasimi keçiriləcək. Açılış mərasimində hökumət nümayəndələrinin iştirakı da istisna edilmir.

Əbülfəz Qədirqulu oğlu Əliyev (Elçibəy) 24 iyun 1938-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kələki kəndində anadan olub. Ötən əsrin 80-ci illərinin sonlarında başlanan xalq azadlıq hərəkatının liderlərindən biri olub. O, Xalq Cəbhəsinin sədri kimi 1992-ci il iyunun 7-də Azərbaycanın prezidenti seçilib.

1993-cü ilin iyununda baş vermiş qiyam nəticəsində Bakını tərk edərək anadan olduğu Kələki kəndinə gedib, 4 il 4 ay orada yaşayıb.

Elçibəy 2000-ci il avqustun 23-də müalicə olunduğu Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasında 63 yaşında vəfat edib. Cənazəsi oradan Bakıya gətirilib və Fəxri Xiyabanda dəfn olunub.

Xəbər lenti

Xəbər lenti