...

Politoloq: "Azərbaycanda bütün siyasi qüvvələr seçki komissiyalarını öz maraqlarına uyğun şəkildə formalaşdırmağa çalışır"

Siyasət Materials 31 İyul 2007 14:58 (UTC +04:00)
Politoloq: "Azərbaycanda bütün siyasi qüvvələr seçki komissiyalarını öz maraqlarına uyğun şəkildə formalaşdırmağa çalışır"

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanda bütün siyasi qüvvələr - iqtidar da, müxalifət də seçki komissiyalarının öz maraqlarına uyğun şəkildə formalaşmasına çalışır. Azərbaycanın müstəqil politoloqu Zərdüşt Əlizadə bu fikirdədir.

O hesab edir ki, ölkədə mövcüd siyasi mühit seçkilərin demokratik keçməsini, siyasi tərəflər arasında kompromis yaranmasını mümkünsüz edir: "Hakimiyyət böyük bir sərvət deməkdir və cəmiyyət bu sərvətə nəzarət edə bilmir. Hakimiyyət seçki komissiyalarını elə formalaşdırmağa çalışır ki, istədiyini həyata keçirə bilsin. Müxalifət də başa düşür ki, seçkidə qalib gələ bilməz, ona görə də seçkini öz xeyrinə saxtalaşdırmağa çalışır. Necə ki, 1992-cı ildə öz xeyirlərinə dəyişdirmişdilər" - deyə Əlizadə bildirib.

Politoloq şərhində qeyd edib ki, hər dəfə seçkilərdə iqtidarla müxalifət bir-birini ittiham edir, beynəlxalq təşkilatlara üz tutur, müxtəlif cür təkliflər verirlər. Məsələn, müxalifətin seçki komissiyalarının paritet əsasda formalaşdırılması təklifini Əlizadə mənasız hesab edir. Onun fikrincə, müxalifət partiyalarının seçki komissiyalarının yarısını doldurmaq üçün uğurlu kadrları və potensialı yoxdur: "Müxalifətin o qədər vicdanlı adamları yoxdur ki, iqtidarın rüşvət təklifini rədd etsinlər, axıradək prinsipial mövqe tutsunlar. Ona görə də paritetlik təklifi də mənasız spekulyasiyadır. Ümumiyyətlə, nə iqtidar, nə də müxalifət azad, ədalətli seçkilərdə maraqlı deyil. Özünü demokratik adlandıran dövlətlər də Azərbaycanda ədalətli, şəffaf seçkilərin keçirilməsinə maraqlarını itiriblər. Mən hesab edirəm ki, seçkilərin demokratik, ədalətli keçməsi üçün azad ictimai nəzarət lazımdır. Bunun mexanizmi və yolları da var"-deyə politoloq qeyd edib.

Onun fikrincə, heç bir siyasi tərəfdən asılılığı olmayan, müstəqil QHT-lərə seçkidə nəzarət və müşahidə aparmaq üçün daimi resurslar yaradılmalıdır. Həmçinin onların obyektiv rəylərinin nəzərə alınması üçün məhkəmələr müstəqil olmalıdır.

Xəbər lenti

Xəbər lenti