...

Müsavat Məclisinin sədri: "Əli İnsanov Müsavata üzv olmaqla bağlı ərizə ilə müraciət etsə, bu məsələ partiya Divanında müzakirə olunacaq"

Siyasət Materials 3 Avqust 2007 14:46 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Əgər sabiq səhiyyə naziri Əli İnsanov Müsavata üzv olmaqla bağlı ərizə ilə müraciət etsə, bu məsələ partiya Divanında müzakirə olunacaq. Müsavat Partiyası Məclisinin sədri Sülhəddin Əkbər hazırda həbsdə olan sabiq səhiyyə naziri İnsanovun Müsavata üzv olmaqla bağlı ərizə yazması haqda məlumatlara münasibət bildirərkən belə deyib.

Əkbər qeyd edib ki, sabiq səhiyyə nazirinin Müsavata üzv olmaqla bağlı ərizə yazması haqda məlumat həqiqətəuyğun deyil: "Müsavat Partiyasında formalaşmış ənənəyə görə cəmiyyətdə tanınmış şəxslər partiyaya üzv olmaqla bağlı ərizə yazarlarsa, bu məsələ Divanda müzakirə olunur. Əgər İnsanov Müsavata üzv olmaqla bağlı ərizə yazarsa, partiya rəhbərliyi bunu müzakirə edib, münasibət bildirəcək".

Müsavat Partiyasının başqanı İsa Qəmbər də bildirib ki, onda İnsanovun Müsavata üzv olmaqla bağlı ərizə yazması haqda məlumat yoxdur. O, İnsanovun Müsavat Partiyasına qəbul edilməsinin mümkün olub-olmadığına münasibət bildirməyib.

12 il səhiyyə naziri işləyən İnsanov 2005-ci ilin oktyabrında həbs olunub. O, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarı ilə 11 müddətinə azadlıqdan məhrum edilib. İnsanov eyni zamanda hakim Yeni Azərbaycan Partiyasının (YAP) yaradıcılarından biri və uzun illər partiya İdarə Heyətinin üzvü olub. Həbs olunduqdan sonra YAP sıralarından xaric edilib.

Xəbər lenti

Xəbər lenti