...

Ermənistanın Cənubi Qafqaz Parlament Təşəbbüs Qrupundakı nümayəndələrinin mandatının təsdiq olunması məsələsində ziddiyyət yaranıb

Siyasət Materials 10 Avqust 2007 14:40 (UTC +04:00)
Ermənistanın Cənubi Qafqaz Parlament Təşəbbüs Qrupundakı nümayəndələrinin mandatının təsdiq olunması məsələsində ziddiyyət yaranıb

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Cənubi Qafqaz Parlament Təşəbbüs Qrupunun növbəti iclasının baş tutmaması Ermənistanın qrupdakı nümayəndələrinin mandatının hələ də təsdiq olunmaması ilə bağlıdır. Bu barədə cümə günü Bakıda Azərbaycanın Cənubi Qafqaz Parlament Təşəbbüs Qrupundakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvü Siyavuş Novruzov məlumat verib.

Onun sözlərinə görə, may ayında Ermənistanda keçirilən parlament seçkilərindən sonra bu ölkənin qurumdakı nümayəndə heyəti üzvlərinin mandatı yenidən təsdiq olunmalıdır. Lakin Ermənistan tərəfi bu ölkəni təmsil edən nümayəndələrin mandatını təsdiqləməyib.

Nümayəndə heyətinin rəhbəri vurğulayıb ki, Cənubi Qafqaz Parlament Təşəbbüs Qrupunun əsas məqsədi bu bölgədə yerləşən ölkələrin Avropaya və Avroatlanitik strukturlara inteqrasiyasına kömək etməkdir. Onun fikrincə, Ermənistan belə qurumlara inteqrasiyadan qorxur. Bu da rəsmi İrəvanın Avroatlantik strukturlara inteqrasiya ilə bağlı qurumun tələblərini yerinə yetirmək istəməməsi ilə bağlıdır: "Bütün bunlara görə Cənubi Qafqaz Parlament Təşəbbüs Qrupunun fəaliyyəti ilə bağlı Ermənistan parlamentində ziddiyyətlər yaranıb. Buna baxmayaraq, qurumun fəaliyyəti davam etdiriləcək".

Millət vəkili qeyd edib ki, bu səbəbdən də yaxın vaxtlarda Cənubi Qafqaz Parlament Təşəbbüs Qrupunun iclasının keçirilməsi gözlənilmir. Ermənistan tərəfi öz hazırlığını və prosesdə iştirak etməyə razılığını bildirdikdən sonra iclasın vaxtı dəqiqləşəcək. Bundan sonra iclasda hansı məsələlərin müzakirə olunacağı dəqiqləşəcək.

Cənubi Qafqaz Parlament Təşəbbüs Qrupu Böyük Britaniyanın LİNKS qeyri-hökumət təşkilatının təşəbbüsü ilə yaradılıb. Qrupda Cənubi Qafqaz ölkələri olan Azərbaycan, Gürcüstan və Ermənistanın hər birindən on deputat təmsil olunur.

Quruma hazırda Azərbaycan sədrlik edir.

Xəbər lenti

Xəbər lenti