...

Bakıda Azərbaycanın İsraildə nümayəndəliyinin açılması məsələsi müzakirə olunacaq (video)

Siyasət Materials 16 Avqust 2007 12:02 (UTC +04:00)
Bakıda Azərbaycanın İsraildə nümayəndəliyinin açılması məsələsi müzakirə olunacaq (video)

Azərbaycan, Bakı / Trend , müx. K.Ramazanova/ Bakıda Azərbaycanın İsraildə nümayəndəliyinin açılması məsələsi müzakirə olunacaq. Bu barədə cümə axşamı Bakıda jurnalistlərə İsrail baş nazirinin müavini Aviqdor Liberman məlumat verib.

O qeyd edib ki, bu, ya səfirlik, ya da Azərbaycanın İsraildəki ticarət nümayəndəliyi ola bilər. Çünki iki ölkə arasında ticarət əlaqələri olduqca yaxşı inkişaf edir. Liberman bildirib ki, Azərbaycana rəsmi səfəri zamanı vacib müzakirə mövzularından biri terrorçuluqla mübarizə olacaq.

Dağlıq Qarabağ münaqişəsinə gəldikdə isə, İsrail rəsmisi ölkəsinin Azərbaycanın suverenliyini tanıdığını deyib. Onun fikrincə, Qarabağ münaqişəsi danışıqlar yolu ilə həll olunmalıdır.

Güman olunur ki, Azərbaycana səfər çərçivəsində Liberman baş nazir Artur Rasizadə və Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovla görüşəcək.

Avqustun 17-də İsrail hökuməti təmsilçisi Milli Məclis sədrinin müavini Valeh Ələsgərov və iqtisadi inkişaf naziri Heydər Babayevlə danışıqlar aparacaq, habelə İsrail mədəni-informasiya mərkəzinin açılışında iştirak edəcək.

Səfər proqramında həmçinin avqustun 18-də Quba rayonunun Qırmızı Qəsəbə yaşayış məntəqəsinə səfər nəzərdə tutulur. Burada Liberman Azərbaycanın yəhudi icmasının nümayəndələri ilə görüşəcək.

Xəbər lenti

Xəbər lenti