Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə / Türkiyə türk xalqları üçün viza rejimini ləğv etsə də, türkdilli ölkələr rəsmi Ankaranın bu addımını cavabsız qoyublar. Türkiyənin Azərbaycandakı səfiri Hüseyn Avni Qarslıoğlu bildirib ki, rəsmi Ankara türk xalqları üçün viza rejimini tamamilə aradan qaldırmağı düşünür.
Avqustun 1-dən Türkiyə Azərbaycan, Monqolustan, Özbəkistan, Tacikistan və Türkmənistan vətəndaşlarının Türkiyə ərazisinə sərbəst girişi üçün viza rejimini ləğv edib. Bu qayda Türkiyə ərazisində 30 gün ərzində viza olmadan qalmaq üçün şərait yaradır.
Türkiyə bu siyahını genişləndirmək niyyətində olduğunu bildirmişdi. Türkiyənin Qazaxstan, Qırğızıstan, Gürcüstan, Səudiyyə Ərəbistanı və Küveytlə vizasız gediş-gəlişin təmin edilməsi üçün də artıq razılıq əldə edilib.
Türkiyənin Azərbaycandakı səfirinin sözlərinə görə, eyni dilli və soy-köklü xalqların nümayəndələrinin Türkiyəyə gəlib-getmələri mümkün qədər asanlaşmalıdır. "Bizim hökumətimiz maneə kimi dəyərləndirilən bu halı aradan qaldırdı. Amma biz hansısa ölkəyə Türkiyə ilə viza rejimini qaldırmasını deyə bilmərik" - deyə səfir əlavə edib.
Qarslıoğlu hesab edir ki, viza rejiminin ləğvi, hər ölkənin özünün sosial-iqtisadi, siyasi şərtlərinə bağlı olan məsələdir. "Təbii ki, bu aradan qaldırılarsa, yaxşı olar" - deyə türkiyəli diplomat söyləyib.
Azərbaycan Rusiya və Gürcüstanla vizasız gediş-gəliş rejimini tətbiq edir. Türkiyə ilə isə viza rejimini ləğv etməyə Azərbaycan tələsmir. Azərbaycan rəsmiləri bunu Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması ilə əlaqələndirirlər.
Azərbaycanlı ekspertlər isə hesab edir ki, Azərbaycanın Tükiyə ilə viza rejimini sadələşdirməsi əlaqələrin genişlənməsinə ciddi təsir göstərməyəcək. Müstəqil politoloq Rasim Musabəyov bildirir ki,
rəsmi Ankara belə bir addım atmaqla türkdilli ölkələrdən Türkiyəyə fəhləlik, faişəlik üçün gedənlərin qaşısını almaq istəyir: "Çünki əvvəllər kasıb təbəqənin nümayəndələri 30 dollar ödəməklə gedib bir ay Türkiyədə qalırdılar. Türkiyəyə getmək istəyənlərin üzərində ən azı 900 dollar olmalıdır. Bu təbəqəyə aid olan insanların 900 dolları olmadığına görə onların Türkiyəyə getməsi çətinləşəcək".
Musabəyovun fikrincə, rəsmi Ankaranın viza rejimi ətrafında açdığı müzakirələr 900 dollar məsələsini pərdələmək məqsədi daşıyır.