...

VHP sədri: "Özünü real qüvvə sayan müxalifətçilər xalqın ümidlərini qeyri-reallığa çeviriblər"

Siyasət Materials 27 Avqust 2007 11:50 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Seçkilərin boykot edilməsi bəyanatları oyun kimi ortaya atılır. Bu fikirləri müxalifətyönlü Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı bazar ertəsi Trend ə açıqlamasında bildirib.

Bir sıra müxalifət partiyaları, o cümlədən "Azadlıq" bloku ölkədə seçki mühiti dəyişməyəcəyi təqdirdə gələn il keçiriləcək prezident seçkilərini boykot edəcəklərini bildirirlər.

Rüstəmxanlı bildirib ki, onun partiyası Azərbaycanda keçirilmiş bütün seçkilərdə iştirak edib və boykotun tərəfdarı da deyil. VHP sədrinin fikrincə, Azərbaycanda seçkiləri boykot taktikası heç vaxt işləməyib və müxalifətə fayda verməyib: "Hər zaman müxalifətin bir hissəsi seçkiləri boykot etsə də, digər hissəsi seçkiyə qatılıb. Boykot taktikasından yalnız hakimiyyətə təsir mexanizmi kimi istifadə olunub. Bu taktikanın reallıqda nəyisə dəyişdirdiyini xatırlamıram" - deyə VHP sədri bildirib.

"Azadlıq" bloku liderləri hesab edir ki, bu blok hakimiyyətə qarşı real rəqibdir və o, seçkidə iştirak etməyəcəksə, həmin seçkilərin nəticəsi dünyada qəbul olunmayacaq.

Rüstəmxanlı "Azadlıq" blokunun bu iddiası ilə razılaşmır və qeyd edir ki, özü özünü real saymaq hələ dünyada bu cür qəbul olunmaq demək deyil: "Özünü aparıcı müxalifət və real şansları olan qüvvə sayanlar əslində xalqın bütün ümidlərini qeyri-reallığa çeviriblər. Real qüvvələr hakimiyyətə gəlmək şansı olanlardır. Amma belə bəyanatlar verənlər xalqın indiyədək ümidlərini doğrultmayıb və olan-qalan real şansdan da məhrum ediblər" - deyə VHP sədri vurğulayıb.

VHP Milli Azadlıq Hərəkatının liderlərindən olan Rüstəmxanlının rəhbərliyi altında 1992-ci ildə yaradılıb. Partiya 1995, 2000, 2005-ci ilin parlament, 2003-cü ilin prezident, 1999, 2004-cü ilin bələdiyyə seçkilərində iştirak edib. Partiyanın sədri millət vəkili, xalq şairi Rüstəmxanlı 1991-95-ci illərdə mətbuat və informasiya naziri, 2003-cü il prezident seçkilərində isə prezidentliyə namizəd olub.

Xəbər lenti

Xəbər lenti