Azərbaycan, Bakı/ Trend , müxbir E. Cavadova/ Gümə günü Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin, onun qardaşı, "Azpetrol" Şirkətlər Qrupunun sabiq prezidenti Rafiq Əliyevin və təqsirləndirilən digər 17 nəfərin cinayət işi üzrə məhkəmə iclası dövlət ittihamçılarının çıxışı ilə başlayıb.
Hazırda dövlət ittihamçıları Bəşir Cəfərli və Nazir Bayramov ittiham oxuyurlar.
Qeyd edək ki, F.Əliyev və digər müttəhimlər, vəzifədən sui-istifadədə, rüşvət alma və rüşvət vermədə, dövlət mülkiyyətinin qanunsuz özəlləşdirilməsində və iqtisadi cinayətlərdə təqsirli bilinirlər. Prokurorlar çıxışlarında qeyd ediblər ki, bu iş üzrə 3 aydan artıq davam edən məhkəmə prosesində ittihamın böyük hissəsi sübuta yetirilib. İttiham aktı geniş olduğuna görə günün sonunadək ittiham aktının oxunuşunun başa çatacağı gözlənilmir. Prokurorlar çıxışlarının sonunda təqsirləndirilən şəxslərə məhkəmədən cəza tələb edəcəklər. Vəkillərin qənaətinə görə, prokurorlar cəzanı növbəti bazar ertəsi tələb edəcəklər.