...

Sorğu: Bakı sakinləri "Təhsil haqqında" qanun layihəsinin qəbul olunmasını istəyirlər

Cəmiyyət Materials 14 Sentyabr 2007 14:33 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə / Bakı sakinləri Milli Məclisin payız sessiyasında daha çox "Təhsil haqqında" qanun layihəsinin qəbul olunmasını istəyirlər. Bu Tərəfsiz (parlament) Jurnalistlər İctimai Birliyinin paytaxt əhalisi arasında "Milli Məclisin payız sessiyasında hansı sahələri əhatə edən qanunların qəbul edilməsini istəyirsiniz" sualı ilə keçirdiyi rəy sorğusu zamanı məlum olub.

Sorğuda müxtəlif kateqoriyadan olan 100 respondent iştirak edib. Onların 10 faizi ümumiyyətlə qanunvericiliklə maraqlanmadıqlarını bəyan ediblər. Rəyi öyrənilənlərin 50 faizi sessiyada "Təhsil haqqında" qanunun və Hərbi Doktrinanın qəbuluna tərəfdar olduqlarını bildiriblər. Qalan respondentlər pensiya, əmək qanunvericiliyi, Seçki Məcəlləsi, sosial sığorta, əmanətlərin qaytarılması, tikinti, şou-biznes, yaşıl örtüyün qorunması, bələdiyyələrlə icra orqanlarının səlahiyyətlərinin dəqiqləşdirilməsi, kənd təsərrüfatı ilə bağlı məsələlər barədə qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsinin vacibliyini bildiriblər.

Bundan başqa, respondentlərdən Milli Məclisin hansı komissiyasının işindən razı, hansından narazı qalmaları soruşulub. Əksəriyyət Elm və təhsil məsələləri daimi komissiyasının işindən narazılığını ifadə edib və bunu uzun illərdən bəri bu komissiyanın "Təhsil haqqında" qanunu parlamentdən keçirə bilməməsi ilə əlaqələndirib.

Respondentlər aktiv komissiya kimi Sosial siyasət daimi komissiyasını göstəriblər və qeyd ediblər ki, bu komissya daha çevikdir, vaxtaşırı insanların güzəranını əhatə edən məsələləri müzakirəyə çıxarır və qəbul etdirir.

Birlikdən həmçinin bildiriblər ki, bu kimi sorğular mütəmadi olaraq keçiriləcək. Onun sözlərinə görə, parlament jurnalistləri payız sessiyası dövründə Milli Məclisə gələn şikayətçilərin monitorinqini aparacaqlar və sessiyanın sonunda ən çox şikayətçisi olan dairələrin adlarını açıqlayacaqlar.

Xəbər lenti

Xəbər lenti