...

Ombudsman: "Ünvanlı sosial yardımın icrası zamanı rüşvət hallarına yol verilir"

Cəmiyyət Materials 14 Sentyabr 2007 14:39 (UTC +04:00)
Ombudsman: "Ünvanlı sosial yardımın icrası zamanı rüşvət hallarına yol verilir"

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Azərbaycan vətəndaşlarına ünvanlı sosial yardımların verilməsi zamanı hüquq və qanun pozuntularına yol verilir. Bu barədə cümə günü Azərbaycanın insan haqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova açıqlama verib.

Onun sözlərinə görə, yardımların icrası ilə əlaqədar əhalidən Ombudsman Aparatına şikayətlər daxil olur. Bəzi rayonlardan rüşvət halları ilə bağlı şikayətlər gəlir: "Məsələn, sosial yardımı təşkil edən rəsmi şəxs vətəndaşlardan rüşvət tələb edir. Mən bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova yazılı şəkildə məlumat vermişəm. Hazırda icraçı şəxslərin dəyişdirilməsi işləri gedir" - deyə ombudsman bildirib.

Süleymanova deyib ki, ünvanlı sosial yardım əldə etmək üçün bəzi hallarda vətəndaşlar saxta əlillik dərəcəsi alırlar.

Ombudsman hesab edir ki, həm saxta üsulların qarşısını almaq, həm də vətəndaşların haqlı şikayətlərini təmin etmək üçün yardımların verilməsi zamanı vətəndaşlara formal şəkildə deyil, hər biri ilə fərdi şəkildə işləmək lazımdır.

İyulun 1-dən Azərbaycanda aztəminatlı ailələrə ünvanlı sosial yardım 5 manat artırılaraq 40 manata çatdırılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi məlumatına görə, hazırda 65 min ailə ünvanlı sosial yardım alır. Ümumilikdə isə 300 min insan bu yardımı alıb.

Xəbər lenti

Xəbər lenti