...

Dövlət Komissiyası BQXK-nı ikili siyasət aparmaqda suçlayır

Cəmiyyət Materials 21 Noyabr 2007 15:54 (UTC +04:00)
Dövlət Komissiyası BQXK-nı ikili siyasət aparmaqda suçlayır

Azərbaycan, Bakı/ Trend müxbir K.Zərbaliyeva/ Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası BQXK-nı ikili siyasət aparmaqda suçlayır.

Dövlət Komissiyasının baş katibi Şain Sailov çərşənbə günü jurnalistlərə açıqlamasında bildirib ki, Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürülmüş Samir Məmmədovun valideynlərinə övladlarına yazdıqları məktublarda "Oğlum qayıt gəl, biz səndən ötrü darıxırıq" fikirlərini yazmağa Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri icazə verməyib.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, kiçik çavuş Məmmədov ötən il dekabrın 24-də xidmət etdiyi hərbi hissədən 15 kilometr aralıda, Qazax-İcevan sərhədində ermənilər tərəfindən əsir götürülüb.

Sailovun sözlərinə görə, BQXK-nın nümayəndələri hesab edir ki, bu fikirlər Məmmədovun Azərbaycana qayıtmaqdan imtina etməsi barədə fikrini dəyişdirmək üçün təzyiqdir. "Bizdə əsir və girovluqda olan ermənilərin valideynlərinə, ya da valideynlərinin onlara məktublarında öz istədiklərini yazmağa imkan verilir. Beynəlxalq Qırmızı Xaç Komitəsi bizm vətəndaşlarımıza münasibətdə ikili standartlar aparır" - deyə Sailov vurğulayıb.

Dövlət Komissiyasının rəsmisi Məmmədovun Azərbaycana qayıtmaqdan imtina etməsi barədə Ermənistan tərəfin yaydığı məlumatları da yalan və əsassız hesab edir.

Onun sözlərinə görə, əvvəllər əsir, girov düşmüş erməni vətəninə qayıtmaq istəməyəndə Dövlət Komissiyası qısa müddət ərzində bu barədə bütün KİV-lərə məlumat verirdi.

"Samir Məmmədovun qayıtmaq istəməməsi barədə məlumat isə onun əsir düşməsindən uzun müddət sonra verilib" - deyə Sailov bildirib.

Sailov Məmmədovun valideynlərinə yazdığı məktubların da onun tərəfindən yazılmadığını deyib.

Məmmədovun ailəsinə göndərdiyi məktublarda onun Azərbaycana qayıtmaq istəmədiyi qeyd olunub.

Sailov bildirib ki, Məmmədovun göndərdiyi məktublar onun yaza bilmədiyi əlifba ilə yazılıb. "Onun xəttinin ekspertizasını aparmışıq və məlum olub ki, məktub Samir tərəfindən yazılmayıb" - deyə Sailov vurğulayıb.

Dövlət Komissiyasının rəsmisi Məmmədovun öldürülməsi barədə yayılan məlumatları da əsassız sayır: "Onun Ermənistanda əsirlikdə olmasını bütün dünya bilir. İndi elə zaman deyil ki, əsirlərimizi incitsinlər. Ermənistan bu addımı ata bilməz".

Xəbər lenti

Xəbər lenti