Azərbaycan, Lənkəran/ Trend , müxbir P.Əliyeva/ Azərbaycanın cənub regionunda yayımlanan telekanal peşəkar fəaliyyətini artırmaq üçün bir sıra layihələr həyata keçirir. "Fəaliyyətimizi peşəkar televiziya standartları səviyyəsində qurmaq üçün əlavə maliyyə, mənəvi və resurs imkanları cəlb edilib, maddi-texniki təminat bazası gücləndirilib, peşəkar komanda cəlb edilib" cümə günü Trend ə "Cənub"TV-nin icraçı direktoru Eltən İdrisoğlu bildirib.
Azərbaycanda 14 regional telekanal fəaliyyət göstərir. "Cənub"TV Azərbaycanın cənub rayonları olan Lənkəran, Astara, Cəlilabad, Masallı, Lerik,Yardımlı və Biləsuvarda yayımlanır.
İdrisoğlu deyib ki, yaxın gələcəkdə telekanalda xəbərlər proqramı gün ərzində üç dəfə yayımlanacaq. Hazırda isə gün ərzində xəbərlər proqramı iki dəfə yayımlanır. İcraçı direktorun sözlərinə görə, yeni layihələr sırasında hüquqi-maarifləndirici verilişlərin açılması da planlaşdırılıb. "Telekanalın fəaliyyətini peşəkar şəkildə qurmasan, bazar rəqabətinə tab gətirmək olmaz. Özəl televiziyalar reklam bazarı hesabına yaşayır. Bu bazarda fəaliyyət göstərmək, pay ala bilmək üçün işimizi peşəkar qurmalıyıq" İdrisoğlu əlavə edib.
İcraçı direktor telekanalda "Səhər" verilişinin də açılacağını vurğulayıb. O, qarşıya məqsəd kimi paytaxt telekanallarına çatmağın qoyulduğunu deyib və işçilərin səviyyəsinin artırılması üçün peşəkar televiziya mütəxəssislərinin iştirakı ilə seminar-treninqlərin keçirilməsinin nəzərdə tutulduğunu bildirib. Hətta işçilər xaricdə kurslar keçəcəklər.
İdrisoğlu deyib ki, Milli Televiziya və Radio Şurasının qərarına uyğun olaraq, telekanalda əcnəbi dillərdə filmlərin yayımının qarşısını almaq üçün bir neçə dublyaj studiyası ilə müqavilə bağlanıb.