...

Azərbaycanda bölgə mətbuatının vəziyyəti kifayət qədər ağırdır - Mətbuat Şurasının sədri

Cəmiyyət Materials 3 Fevral 2008 23:47 (UTC +04:00)

Azərbaycan, Lənkəran, 3 fevral / Trend müxbir P.Əliyeva/ Mətbuat Şurasının əməkdaşları cənub bölgəsinə səfər zamanı "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının bölgələrdəki mətbuatda obyektiv işıqlandırılması ilə maraqlanıblar. Onlar yerli mətbuatın vəziyyəti, iqtisadi durumu və problemləri ilə də ilgiləniblər.

Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalistlərlə söhbətində bölgədəki inkişafın aparıcı KİV-lər tərəfindən ölkə ictimaiyyətinə çatdırılacağını bildirib. O qeyd edib ki, Azərbaycanda bölgə mətbuatının vəziyyəti kifayət qədər ağırdır. "Qəzetlərin tirajının aşağı, əməkhaqlarının azlığı, maddi-texniki bazasının zəif, əməkdaşların peşəkarlığının aşağı olması bizi narahat edir. Yeganə çoxtirajlı yerli mətbu orqanı olan Yevlaxın "Kür"qəzetidir. Bu qəzet 6 min tirajla çıxır. Yardımlıda qəzetin ayda bir dəfə çıxması mətbuatın çox ciddi problemlərinin olduğunu göstərir" - deyə o vurğulayıb.

Amaşvo KİV-ə dövlət dəstəyini nəzərdə tutan qanun layihəsinin hazırlanaraq Prezident Aparatına təqdim edildiyini diqqətə çatdırıb. Həmin konsepsiyada ayrıca bəndlər var ki, bölgə mətbuatı onlardan bəhrələnəcək. Söhbət qrantlar, uzunmüddətli kreditlər, reklam bazarının genişləndirilməsindən əldə olunan gəlirlər və s. məsələlərdən gedir.

Reket jurnalistikasından danışan Amaşov qeyd edib ki, MŞ ilə yanaşı, bu problemlə ümumən mətbuat, hüquq-mühafizə orqanları və ölkə ictimaiyyəti mübarizə aparmalıdır, çünki reketçiliyin ikinci tərəfi hansısa məmur və ya iş adamıdır.

Öz növbəsində bölgə mətbuatının və bölgədə fəaliyyət göstərən KİV nümayəndələri problemlərdən danışıb, təkliflərini irəli sürüblər.

Mətbuat Şurasının əməkdaşlarının Lənkəran ictimaiyyəti və yerli KİV nümayəndələrı ılə keçirilən görüşdə ŞİH-nin başçısı Süleyman Mikayılov yerlı mətbuata münasibətdən danışarkən bunları deyib: "Lənkəran" qəzeti tənqidə demək olar ki yer vermir, əsasən idarə və müəssisə rəhbərlərini tərifləməklə məşğul olur. "Cənub" telekanalı isə fəaliyyətə başlayandan yerli qəzetə maraq azalıb. Bu faktor qəzetin satışına da təsirsiz ötüşməyib".

Mətbuat Şurası əməkdaşlarının növbəti səfəri qərb rayonlarına olacaq.

Xəbər lenti

Xəbər lenti