...

Ali Məhkəmədə Azərbaycanı Avropa Məhkəməsində təmsil edəcək hakim yoxdur - Ali Məhkəmənin sədri (video)

Cəmiyyət Materials 18 Fevral 2008 13:02 (UTC +04:00)
Ali Məhkəmədə Azərbaycanı Avropa Məhkəməsində təmsil edəcək hakim yoxdur - Ali Məhkəmənin sədri (video)

Azərbaycan, Bakı, 18fevral / Trend , müxbir K.Zərbalıyeva/ Ali Məhkəmədə Azərbaycanı Avropa Məhkəməsində təmsil edəcək hakim yoxdur. Bu barədə Ali Məhkəmənin sədri Ramiz Rzayev bazar ertəsi keçirdiyi mətbuat konfransında məlumat verib.

Azərbaycanın Avropa Məhkəməsindəki hakimi Xanlar Hacıyev, Əzizbəyov rayon məhkəməsinin hakimi Rəşad Həsənov və Nəsimi rayon məhkəməsinin hakimi Aygün Abdullayevanın daxil olduğu ikinci siyahı Avropa Şurası Parlament Assambleyasının (AŞPA) İnsan hüquqları üzrə Avropa Məhkəməsinə hakimlərin seçilməsi üzrə Alt Komitəsinin dekabrın 17-də Parisdə keçirilən iclasında qəbul edilməyib. Alt Komitə siyahının daha da təkmilləşdirilmək üçün Azərbaycana geri qaytarılması barədə qərar qəbul edib. Qərarda qeyd olunub ki, Azərbaycanın təqdim etdiyi namizədlər AŞPA-nın tələblərinə və standartlarına cavab vermir.

Ali Məhkəmə sədri bildirib ki, Avropa Konvensiyasının şərtlərinə görə, Avropa Məhkəməsinin hakimi məhkəmənin rəsmi dillərindən birini mükəmməl bilməlidir. "Ali Məhkəmənin hakimləri sırasında Avropa Məhkəməsinin rəsmi dillərindən olan ingilis və ya fransız dilini mükəmməl bilən hakimimiz yoxdur" - deyə Rzayev vurğulayıb.

Ali Məhkəmənin sədri bildirib ki, hakimlər arasında kifayət qədər savadlı, peşəkarları var. Lakin onların xarici dili bilməməsi bu qurumda təmsil olunmalarına maneə yaradır.

Ekspertlər də Azərbaycanı Avropa Məhkəməsində təmsil edəcək hakimlərin seçimində yaranan əsas problemin hakimlərin xarici dil bilməməsi ilə bağlı olduğunu deyirlər.

Azərbaycanın Avropa Məhkəməsindəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov da bu sahədə yaranan problemin əsas səbəbini xarici dili bilən hüquqşünasların azlığı ilə əlaqələndirib.

Onun fikrincə, xarici dili bilməməsi Azərbaycan hakimlərinin peşəkarlığının səviyyəsinin göstəricisi ola bilməz.

Sessiya ərəfəsində bir qrup hüquqşünas və hüquq müdafiəçisi Avropa Məhkəməsində hakim vəzifəsinə Azərbaycandan olan namizədləri rədd etmək çağırışı ilə Avropa Şurasına müraciət göndərib. Onlar iddi ediblər ki, namizədlərin irəli sürülməsi proseduru şəffaf deyil.

Qaydalara əsasən, AŞPA-nın deputatlarının real seçim imkanı olması üçün Avropa Məhkəməsinin hakimi vəzifəsinə eyni təcrübə, bacarıq və biliyə malik şəxslərin namizədliyi irəli sürülməlidir.

Azərbaycandan namizədlərin siyahısı birinci dəfə AŞPA-nın 2007-ci il oktyabr sessiyasında analoji səbəblərə görə geri qaytarılıb.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Azərbaycanı Avropa Məhkəməsində təmsil edəcək hakimin seçilməsi məsələsinin bu ilin martınadək həll olunacağını bildirib.

Məhkəmə-Hüquq Şurasının yeni namizədlərin müəyyənləşdirilməsi üçün elan etdiyi müsabiqə də fevralın 17-də başa çatıb. Məlumata görə, on nəfər hakimliyə namizəd irəli sürülüb. Onların sırasından üçü müsahibə yolu ilə seçiləcək.

Xəbər lenti

Xəbər lenti