...

Mən bir çox müğənnilər kimi, hər işi borc ilə etmirəm - müğənni Səbinə İlyasova

Cəmiyyət Materials 14 Aprel 2008 11:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 aprel /müx. TrendLife Safura/

Müğənni Səbinə İlyasova uzun müddət idi ki, sənətdən ayrı düşmüşdü. Onu çox axtardıq, amma tapmadıq. Yaxınlarda təqdimat mərasimlərinin birində Səbinə xanımı görəndə ona yaxınlaşıb, fürsəti əldən vermədim. Suallarımı müğənniyə ünvanlayanda o, əvvəlcə səs-küy olduğunu bəhanə edərək, "bəlkə sonraya qalsın" dedi. Lakin mən təkid edəndən sonra çarəsiz qalıb suallarımı cavablandırdı. Mən də hər şeyi olduğu kimi sizə çatdırıram.

- Uzun müddət idi ki, sizdən xəbər yox idi, efirdə görünmürdünüz, indi isə sənətçilərin keçirdiyi təqdimat mərasimlərində sizi tez-tez görürlər. Deyəsən, sənətdən uzaqlaşmısınız. Daha müğənniliyin daşını atmısınız.

- Sənət fəaliyyətimi müvəqqəti olaraq dondurmuşdum. Sənətdən ayrı düşməmin səbəbkarı gözümün ağı qarası olan oğlumdur.

Oğlum Türkiyədə Universitetə qəbul olandan sonra qaldım yollarda. Ürəyim həmişə onun yanında qalır, nigaranam. Elə bu səbəbdən sənəti bir qədər kənara qoymalı oldum. Müvəqqəti.

-Tədbirlərdə görünən Səbinə xanım niyə telekanallarda görünmür?

-Bilirsiz, məni verilişlərə dəvət edirlər. Mən hər verilişi bəyənmirəm. Bizim televiziyalarımızdakı verilişlər ürəyimcə deyil. Mən müğənniyəm. Əyləncəli proqramlara dəvət edirlər. Amma ürəyimcə deyil. Zövqümcə deyil. Oğurlanmış verilişlərdir. Moskva, Türkiyə telekanallarından oğurlanıb-bayağılaşdırılmış verilişlərdir deyə heç bir təklifi qəbul etmirəm.

- Belə çıxır ki, sizi daha ekranlarda görməyəcəyik.

- Yox, telekanallarda çıxışlarım olacaq. Pərəstişkarlarımdan da çox məktublar alıram. Sənətimi davam etdirməmi istəyənlər çoxdur. Mən yalnız klip vasitəsilə tamaşaçıların qarşısına çıxacağam. Hər gün səviyyəsiz verilişlərə çıxıb, özümü ucuz reklam etdirmək istəmirəm. Mən həmişə öz adımı qorumuşam, yenə də qoruyacağam. Artıq yeni bir klipimin montaj işləri sona çatdı. Elə bilməyin ki, kənarda oturub heç bir iş görmürəm. Ana haqqında bir mahnı ifa etmişəm. Sözləri Cabir Novruza, musiqisi Novruz Aslana aid olan bu mahnıya çəkilən klipi yaxınlarda hamınız görəcəksiniz.

- Sirr deyilsə, klipinizi hansı telekanalda izləyə biləcəyik?

- Elə bütün televiziya kanallarda izləmək imkanınız olacaq. İstəyirəm tamaşaçılar hansı kanalı açsalar məni görsünlər, Səbinə İlyasovanı.

- Axı bir klipin ekrana çıxması və müəyyən müddət nümayişi böyük xərclər tələb edir. Maraqlıdır, siz Azərbaycanda olan bütün telekanallarda onu necə və hansı pul ilə nümayiş etdirəcəksiniz?

- Şükür Allaha, pul barədə problemimiz yoxdur. Bəzi müğənnilər kimi mən borc-xərc ilə iş görmürəm. Mən həmişə "soğan olsun, nəqd olsun" məsəli ilə hərəkət edirəm. Bu gün müğənnilərin əksəriyyəti kredit ilə ev, avtomobil və sairə alaraq özlərini gözə soxurlar. Amma özlərinin o qədər borcları var ki, ömürləri boyu ödəsələr, qurtarmaz. Mən borc ilə iş görmürəm. Ömrümdə heç kimə borcum olmayıb. Əminəm ki, bundan sonra da olmaz.

- Hesab edək ki, klipiniz ekranlara çıxdı. Pərəstişkarlarınız sizi bir klipdə gördülər. Bəs sonra? Sizcə, gündəmdə olmaq üçün yalnız kliplər kifayət edəcəkmi?

- Türkiyədən Ankarada işləmək təklifi almışam. Amma götür-qoy edirəm. Getsəm oğlum gözümün qabağında olacaq, amma burda Azərbaycanda tam unudulmaqdan qorxuram. Eksklüziv olaraq sizə deyirəm ki, kliplərimi çəkdirib, Azərbaycanda "raskrutka" edəndən sonra gedəcəyəm. Alışa bilmirəm burdakı abu-havaya, bu sistemə. Çox istərdim ki, mən də sənət yoldaşlarım kimi, mənim ilə bir vaxtda başlayan müğənnilər kimi, bu yeniliklərə alışa bilim. Amma istəsəm də alınmır. Mən Rəşid Behbudov məktəbini görmüşəm. Mənə bugünkü şou çatmır. Bugünkü reallıq ilə barışmaq istəmirəm. O vaxtkı dərəcəmi qoruyub saxlamaq istəyirəm, amma bilirəm ki, bu heç kimə lazım deyil. Ona görə də qərar qəbul etdim. Mən müğənni kimi fəaliyyət göstərməliyəm. Amma ucuz reklam ilə yox. Sanballı kliplər ilə.

- Bəs konsert necə, solo konsert vermək istəmirsiniz?

- Qismət olsa, konsert də olacaq. Amma hələlik, ürəyim oğlumun yanındadır. Həm də sənətə yenidən qayıtmaq vaxt tələb edir. Vaxtı gələndə konsert də verəcəyəm. Kimdən əskiyəm ki. Həm sənətdə, həm pulda şükürlər olsun ki, irəlidəyəm. Nə olsun ad almamışam. Mən Rəşid Behbudov məktəbinin yetirməsiyəm.

Səbinə xanım ilə sağollaşanda, söhbətimizdən məmnun qaldığını bildirib, "bax belə düzgün, yerində verilən suallar qoyulan verilişlər olarsa, telekanallara da çıxaram" deyərək güldü. Hiss olunurdu ki, sənətdən ayrı düşdüyünə peşimandır. Zamanın ardınca düşüb, vaxtı qabaqlamalıdır. Sonra isə zaman ilə ayaqlaşmağı öyrənməlidir. Bunu bacarmasa, unudulacaq.

Xəbər lenti

Xəbər lenti