...

Berti Foqts Azərbaycan futbolunda çox şeyi dəyişə bilməyəcək – milli komandanın sabiq baş məşqçisi

Cəmiyyət Materials 21 Aprel 2008 12:47 (UTC +04:00)
Berti Foqts Azərbaycan futbolunda çox şeyi dəyişə bilməyəcək – milli komandanın sabiq baş məşqçisi

Azərbaycan, Bakı, 21 aprel / Trend , müxbir R.Ergün/ Azərbaycanın futbol üzrə milli komandasının sabiq baş məşqçisi xələfi olan alman mütəxəssis Berti Foqtsun çox şeyi dəyişə biləcəyinə inanmır. "Alman məşqçi çox ağır bir yükün altına girib. O özü də zaman keçdikcə Azərbaycan futbolunda hansı çətinliklərin olduğunu görəcək. Foqts milli komandada çox şeyi dəyişə bilməyəcək. Çünki bizdə buna imkan yoxdur. Ümumiyyətlə, yeni baş məşqçi milli komandada 10 faiz dəyişiklik edə bilər", bazar ertəsi Trend a Azərbaycanın yığma üzrə futbol komandasının keçmiş baş məşqüisi Şahin Diniyev deyib.

Diniyev milli komandaya Avropa çempionatının son seçmə mərhələsinin 10 oyununda rəhbərlik edib. Azərbaycan yığması onun başçılığı altında keçirdiyi oyunlarda 5 xal toplayıb.

AFFA ilə Foqts arasında aprelin əvvəlində Azərbaycanın futbal üzrə milli komandasına baş məşqçilik etməsi üçün 2009-cu ilin yayına qədər müqavilə imzalanıb.

Sabiq çalışdırıcı Foqtsun milli komandalara kömək üçün yaradılan Məşqçilər Şurasından (MŞ) imtina etməsinə haqq qazandırır. "Məşqçilər Şurası xeyir vermir. Mən də baş məşqçi olanda düşünürdüm ki, Məşqçilər Şurasının fəaliyyəti mənasız şeydir. Çünki Məşqçilər Şurasının üzvü olan məşqçilərin çoxu səmimi deyil" Diniyev əlavə edib.

Diniyevin dediyinə görə, onu ən çox məyus edən milli komandanın futbolçularının istifadə etdikləri idman formalarının növbəti dəfə dəyişdirilməsidir: "Dünyanın aparıcı futbol ölkələrində klubları istifadə etdikləri formalara görə tanıyırlar. Bizdə isə Azərbaycanın bir nömrəli komandasının forması az qala hər gün dəyişir. Bu qətiyyən düz deyil. Yeni formalarda bayrağımızın rəngləri də əksini tapmır".

Azərbaycan milli komandası Diniyevin başçılığı altında Bakıda Finlandiya yığmasını 1:0 hesabıyla məğlub etməsiylə yadda qalıb. Ukraynaya 0:6, Polşaya 0:5, Serbiyaya 1:6 hesablı məğlubiyyətlər də Diniyevin dövründə olub.

Sabiq baş məşqçi Foqtsun uğur qazanmaq üçün Azərbaycan Premyer-Liqasında oynayan legioner futbolçuların xidmətindən istifadə etmək məcburiyyətində qalacağını bildirib.

Diniyev millidən Bakıda Serbiya komandasına 1:6 hesablı məğlubiyyətdən sonra ayrılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti