Azərbaycan, Bakı, 7 may /müx.TrendLife Şahin Cavadsoy/
Müğənni Xuraman Şuşalı ilə aylardan bəri birgə çalışan prodüser Sayqa, artıq müstəqil fəaliyyət göstərməyə qərar verib. Bu haqda TrendLife-ı Sayqanın özü məlumatlandırıb: "Düz 7 ay Xuramanla bir yerdə işlədim. Amma o, özü də bilirdi ki, vaxtı çatanda mən tele-jurnalist kimi karyeramı davam etdirəcəyəm. Məqam yetişdiyindən, ayrılmağı lazım bildim. İndi sırf dost münasibətlərindəyik".
Sayqanın sözündən o da məlum oldu ki, o, menecer kimi fəaliyyətini genişləndirməkdə də maraqlıdır: "Türk sənətçisi Çingiz Kurtoğlu ilə müğənni Elçin Hüseynovun paytaxtımızın yerli restoranlarında keçiriləcək konsertlərini mən təşkil edəcəyəm. Konsertə "Son gecə" adını vermişik. Bu adı nə səbəbədən qoyduğumuzu, mətbuat konfransında açıqlayacağıq".
Qarşı tərəfin fikrini öyrənmək məqsədi ilə günboyu Xuramanla əlaqə saxlamağa çalışsaq da cəhdlərimiz boşa çıxdı. Amma Sayqanın söylədiyinə görə xanım Şuşalı prodüser kimi jurnalist Cavanşir Babəlioğlunun köməyindən yararlanır.