Azərbaycan, Bakı, 12 may /müx. TrendLife Safura/
Azərbaycan şou- biznesinin sakinləri görünüşlərini tez - tez dəyişməyi sevirlər. Bəzi şişman sənətçilər, müxtəlif pəhrizlərlə kifayətlənir, bəziləri - özlərini incəsənətin qurbanı hesab edənlər- cərrah bıcağı altında incəlib nazilir. Əməkdar artist Aygün Kazımova dəfələrlə plastik əməliyyat olunub. O, həyatının mənasını bunda görür. Aygün xanımın başmağını geyib, yerişini yerimək arzusunda olanlar az deyil. Şou aləmində birdən məhşurlaşan müğənni Rəqsanə də qonşudan qalma dala deyib, əməliyyata gedir. Bu əməliyyatdan sonra bir müddət ayaqlarındakı ağrılardan şikayətlənən müğənni qocalanda hansı ağrılarla üzləşəcəyindən xəbərsizdir. Şou aləmində az müğənni tapılar ki, burnunu əməliyat etdirib, balacalaşdırmasın. İlhamə Quliyeva, Könül Kərimova, Almaz Ələsgərova, Nazpəri Dostəliyeva, Faiq Ağayev, Röya, Rəhim Rəhimli, Aygün Kazımova, Nurcan, Nadir Qafarzadə, Nazənin, Firuzə İbadova, Məleykə Əsədova, rəqqasə Fatimə anadangəlmə burunları ilə həmişəlik vidalaşıblar. Onu da deyim ki, sənətçilərin hamısı gözəl görünmək arzusunda deyil. Onların arasında artıq çəkisini, böyük burnunu, şişman qarınını, əyri ayaqlarını, kiçik sinəsini... dərd etməyənlər də var. Bəzi sənətçilər (kişi sənətçilərin də bəziləri) saç əkdirir, şinyonlardan istifadə edirlər. Lakin şou aləminin keçəl sənətçiləri kimi tanınanlar,öz tüksüz başlarını özlərinə dərd etməyiblər. Elariz Məmmədoğlu, Arzu Rzayev, İlqar Xəyal kimi tanınmış müğənnilər öz saçları ilə çoxdan vidalaşıblar. Bax, elə bu sənətçilər ilə əlaqə saxlayıb,başqalarının imic adlandırdığı görkəmlərində dəyişiklik edib - etməyəcəklərini öyrənmək istədik. Bəlkə onlar da nə zamansa, başlarına tük əkdirmək fikrinə düşəcəklər.
Elariz Məmmədoğlu : Mənim uşaq vaxtlarında gur saçlarım olub. Lakin bir çox kişilərdə olduğu kimi, mənim də saclarım tökülməyə başladı. Gənclik illərində bu məni bir qədər narahat edirdi. Lakin sonra alışdım. İndi saçımın olub - olmaması mənim üçün heç bir əhəmiyyət kəsb etmir. Mənə elə gəlir ki, kişi özünə bəzək- düzək verməməlidir. Allah məni belə yaratmamışdı. Amma müəyyən yaşdan sonra belə məsləhət görüb ki, mən keçəl müğənni kimi tanınım.
Arzu Rzayev: Mən anadan keçəl doğulmamışdım. Saçımın olmaması məndə heç bir kompleks yaratmır. Əksinə, rahatca Məşədi İbadı oynaya bilərəm, xüsusi qrim lazım olmaz. Mən heç vaxt başıma tük əkdirmərəm. Ümumiyyətlə, əməliyyat keçirməkdən qorxuram. Boş yerə niyə bıçaq altına girim?. Məni sevən saçsız da sevir. İşlərimə də mane olmur. Əminəm ki, keçəllik bundan sonra da mənə heç bir problem yaratmayacaq.
İlqar Xəyal:.. Karvan qrupu ilə birgə çıxışlarımın lent yazıları bu gün də durur. Saçlarım olub Əlbəttə, istəməzdim ki, onlar tökülsün. Amma töküləndən sonra bunu özümə dərd etmədim. Düzdür, bir ara müxtəlif vasitələrə əl atdım ki, onların tökülməsinin qarşısını alım. Müxtəlif kremlərdən, yağlardan istifadə etdim. Amma heç nəyin köməyi olmadı. Sonra kepkadan istifadə etdim. Hətta saç əkdirməyi məsləhət görənlər tapıldı. Amma bu mənlik deyil. Qadın olsaydım, bəlkə də saçlarımın tökülməsini özümə dərd edərdim. Kişilər üçün bu adi haldır. Kimidə bir qədər tez, kimidə bir qədər gec - saç onsuz da tökülür. Birdən - birə saçlarla vidalaşmaq mənə, əlbəttə ki, asan deyildi. Amma sonralar öyrəşirsən, hətta keçəlliyin sənə xüsusi görkəm verdiyini bir çoxlarından eşidirsən. İndi bəzi saçlı kişilər özləri bilərəkdən saçlarını qırxdırır, elə bir imic yaratmağa çalışırlar ki, bunlar vacib bir işin sahibidirlər. Cangüdənlərin əksəriyyətinin saçları qırxıqdır. Deməli, bu, əsl kişi imicidir. Hər halda, saç uzatmırıq "- deyən İlqar Xəyal sənət aləmində kişilər üçün görünüşün o qədər də vacib oldmadığını söylədi.
Deyəsən,hamı özünə aludə olub, canından bezməyib. Şou aləmində ağıllı adamlar da az deyilmiş. Onlar, müəyyən qüsurlarına baxmayaraq, kifayət qədər tanınır, sevilir və pul qazanırlar. Bunun üçün özünü doğrayıb - kəsməyə ehtiyac yoxdur.Təkcə gözəl siması ilə yadda qalacağını düşünən sənətçilər yanılırlar. Zaman keçəcək, onlar da yaşa dolacaq, səhnədən uzaqlaşacaqlar. Onda nə sənətləri, nə də sənətə qurban verdikləri sağlamlıqları olacaq. Şövkət Ələkbərova, Sara Qədimova, Tükəzban İsmayılova özlərini tamaşaçılara gözəllikləri ilə sevdirməyiblər. Onlar sənətləri ilə həmişə gözəl olublar. O zamanın kişi sənətçiləri də saçlırına rəng qoymurdular, saç -saqqal saxlamırdılar. Təəsüf ki, bizim şou adlandırdığımız aləmin sakinləri özümüzünkülərə yox, özgələrə oxşamağa çalışırlar.