Azərbaycan, Bakı, 14 may / Trend müxbir E.Hüseynli/ Azərbaycan Premyer-liqasında ikinci pillədə qərarlaşan Bakının "İnter" klubu heyətini "Neftçi"nin aparıcı futbolçularının hesabına gücləndirməyi planlaşdırır. Bu barədə Trend -a "Neftçi"yə yaxın etibarlı mənöələrdən məlumat daxil olub. Verilən məlumata görə, "İnter" rəhbərliyi yarımmüdafiəçi Zaur Tağızadə, müdafiəçi Rəşad Sadığov və hücumçu Georgi Adamiya ilə müqavilə bağlamaq niyyətindədir. Bu məqsədlə "İnter" flaqmanın oyunçularına olduqca böyük məbləğdə pul təklif etməyi planlaşdırır.
Məlumatla bağlı fikirlərini Trend -a açıqlayan "Neftçi"nin vitse-prezidenti Ramin Musayev bildirib ki, klubun bir çox oyunçularının, o cümlədən Z.Tağızadə, R.Sadığov və G.Adamiyanın müqavilələrinin müddəti bitmək üzrədir. Onun sözlərinə görə, mövsümün sonunda sözügedən futbolçularla danışıqlar başlayacaq. Bununla belə R.Musayev "İnter"in həmin oyunçuları almaq planları ilə bağlı məlumatı nə təsdiq, nə də təkzib edib.
Bəlli olduğu kimi "İnter" artıq özünə avrokuboklarda yerini təmin edib. İş ondadır ki, klubun legioner limit bitib. Bu üzdən də klub rəhbərliyi heyəti yerli oyunçuların hesabına heyəti gücləndirmək qərarına gəlib.
"İnter"in mətbuat xidmətindən Trend -a verilən məlumatda isə bildirilib ki, həqiqətən də klub rəhbərliyi avrokuboklarda uğur qazanmaq üçün heyəti gücləndirmək istəyir. Bununla belə klub nümayəndəsi Z.Tağızadə, R.Sadığov və G.Adamiya ilə danışıqların aparılması ilə bağlı məlumatı şərh etməkdən imtina edib.