Azərbaycan, Bakı, 19 may / Trend , müxbir R.Ergün/ Azərbaycanın futbol üzrə Premyer-Liqasında çıxış edən "Qarabağ" klubu çempionluq uğrunda mübarizə aparan komandaların stimullaşdırma təkliflərini qəbul etməyəcək. "Komandamız bütün oyunlara qələbə qazanmaq üçün çıxır; oyunlar bizi heç vaxt maraqlandırmayıb. Çempionluq uğrunda mübarizə aparan klublar bizi stimullaşdıra bilməz", - bazar ertəsi Trend a "Qarabağ"ın baş məşqçisi Rasim Kara deyib.
"Qarabağ" Premyer-Liqanın mayın 28-də keçiriləcək sonuncu turunda çempionatın lideri olan "Olimpik"lə qarşılaşacaq. Çempionluğa digər iddialı "İnter" klubunun "Olimpik"lə oyunda "Qarabağ"ın futbolçularını stimullaşdıracağı gözlənilir.
Kara bildirib ki, "Olimpik"lə həlledici oyunda bəzi aparıcı futbolçuların xidmətindən istifadə etmək mümkün olmayacaq. "Kapitanımız Aslan Kərimov zədəli olduğundan, onun bu oyunda iştirakı sual altındadır. Müdafiəçimiz Aftandil Hacıyev də zədə üzündən "Olimpik"lə görüşdə meydana çıxmayacaq" - deyə türkiyəli baş məşqçi əlavə edib.
"Qarabağ" Premyer-Liqanın 25 oyunundan sonra 38 xalla beşinci pillədə yer alıb.
Baş məşqçinin dediyinə görə, yay transfer dövründə komandanı dörd-beş futbolçu tərk edəcək.
Kara Azərbaycanda "Qarabağ"dan əvvəl "Xəzər-Lənkəran" klubunda baş məşqçi kimi fəaliyyət göstərib. O, əvvəlki komandası ilə Azərbaycan çempionatının gümüş medalını qazanıb.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]