...

Azərbaycan kubokunu qazanan futbol klubunda dəyişikliklər olacaq

Cəmiyyət Materials 26 May 2008 14:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 may / Trend , müxbir R.Ergün/ Azərbaycanın futbol üzrə Premyer-Liqasının iştirakçısı olan "Xəzər-Lənkəran" klubunun müdafiəçi və hücumçü problemi var. "UEFA kubokunun hazırlığına start vermişik. Komandada xeyli dəyişikliklər etməyi nəzərdə tutmuşuq. Bizim müdafiə və hücum xətti ilə problemimiz olduğu üçün bu mövqelərə yeni oyunçular transfer edəcəyik", bazar ertəsi Trend -a "Xəzər-Lənkəran" klubunun baş məşqçisi Ağasəlim Mircavadov deyib.

"Xəzər-Lənkəran" mayın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən ölkə kubokunun finalında Bakının "İnter" klubunu 2:0 hesabı ilə məğlub edərək ardıcıl ikinci dəfə kuboku qazanıb.

Mircavadov bildirib ki, son vaxtlar "Xəzər-Lənkəran"ı "İnter"ə dəyişəcəyi ilə bağlı deyilənlər həqiqəti əks etdirmir. "Xəzər-Lənkəran" klubu ilə bağladığım müqavilənin müddəti bir-iki il yox, daha uzun dövr üçün nəzərdə tutulub. Bu klubda məni hər şey qane edir. Əsas odur ki, klubun rəhbərliyi ilə bir-birimizi çox yaxşı başa düşürük. Mən onların nələri istədiyini yaxşı bilirəm" - deyə baş məşqçi əlavə edib.

Təcrübəli baş məşqçi Azərbaycanın ən titullu mütəxəssislərindən sayılır. O, "Şəmkir", "Neftçi" və "Xəzər-Lənkəran" kimi klublarla dəfələrlə ölkə çempionluğunu və kubokunu əldə edib. "Neftçi" və "Xəzər-Lənkəran" Rusiyada keçirilən beynəlxalq dərəcəli "Birlik Kuboku"nun qızıl medallarını Mircavadovun rəhbərliyi altında qazanıb.

"Xəzər-Lənkəran"ın baş məşqçisi deyib ki, hazırda davam edən futbol mövsümü başa çatan kimi klubu tərk edəcək futbolçuların siyahısını özü üçün müəyyənləşdirib.

Baş məşqçi "İnter"lə final oyununda hər iki qolun müəllifi olan braziliyalı futbolçu Junior Osvaldo ilə bağlı fikirlərini də bildirib. O deyib ki, Osvaldo zədəyə görə dörd ay oynamadığından, ona özünə gəlmək üçün xeyli vaxt lazımdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti